“Zelenski sadəcə bir alətdir, o özü də bilir ki...” – Müharibə Rusiyanın şərtləri ilə bitəcək?
“Zelenski bu müharibədə sadəcə bir alətdir və münaqişə Rusiyanın şərtləri ilə bitməlidir.”
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Azad Məsiyev bildirib.

Politoloq son günlər Ukraynanın cəbhədə irəliləyiş əldə etməsi və Rusiyanın işğal etdiyi torpaqların bəzisindən geri çəkilməsini şərh edib:
“Rusiya – Ukrayna münaqişəsi regional münaqişədən qlobal münaqişəyə çevrilib. Bu münaqişənin həlli artıq Zelenskinin iradəsinə bağlı deyil. Bu münaqişəni o özü başlatmayıb ki, özü də həll edə bilsin. O sadəcə bir alətdir. O özü də gözəl bilir ki, onun verdiyi fikirlər, təkliflər onu idarə edənlər tərəfindən məqbul sayılmır. Bu münaqişə Amerikanın strateji planının tərkib hissəsidir. Uzun müddətdir ABŞ və NATO bloku Rusiyanı münaqişəyə cəlb etmək üçün müxtəlif planlar hazırlamışdı müxtəlif dövrlərdə təxribatlar həyata keçirilirdi. Gürcüstanda baş verən hadisələr də buna misal ola bilər. Hazırda yeganə həll yolu Rusiyanın şərtlərinə bağlıdır. Bu şərtlər qəbul edilməyincə müharibə davam edəcək.”
A. Məsiyev qeyd edib ki, Ukrayna müəyyən irəliləyişlər əldə etsə də münaqişə Rusiyanın istədiyi formada davam edir:
“Rusiya bu müharibədə qəbul edilməsə belə həm hərbi müstəvidə üstünlük əldə edir, həm də siyasi olaraq üstünlük qazanıb. Rusiya hazırda Ukraynanın 20%-dən çox ərazisinə nəzarəti ələ keçirib. Hazırda da hər gün Rusiyanın hərbi maşınları Ukraynanın dərinliklərinə doğru irəliləməyə davam edir. Buna baxmayaraq bu müharibədə NATO bloku Rusiya əleyhinə yaradılmış koalisiyadır ki, bu koalisiya Ukraynaya bütün vasitələrlə yardım etsə də məğlubiyyətə uğrayırlar. Son vaxtlar müəyyən bəyanatlar verilsə də hər bir münaqişəni doğuran səbəblər var. Bu müharibə isə bir nəticədir. Bu nəticəyə qiymət vermək üçün onu doğuran səbəblər aradan qaldırılmalıdır. İstənilən halda münaqişə gec-tez həll ediləcək. Bu münaqişə nə qədər tez həllini taparsa Ukrayna xalqı bir o qədər az zərər çəkər.”
Politoloq Zelenskinin İstanbul razılaşmasını rədd etməsini Ukrayna xalqı üçün intihar kimi qiymətləndirib:
“Xatırladaq ki, 2022-ci ildə İstanbul razılaşması vardı. O dövrdə bu razılaşma həyata keçirilsəydi bu qədər itkilər, strateji ziyan meydana gəlməzdi. O dövrdə Zelenski Böyük Britaniya baş naziri Consonun iradəsi altında hərəkət elədi və o sazişdən çıxdı. Buna görə də Ukrayna daha ağır vəziyyətə düşdü. Bu müharibə daha 1 il davam edərsə Ukrayna daha ağır şərtlərə məruz qalacaq. Zelenski yuxusunda nə görürsə onu da ekranda danışır. Bu məsələnin həlli Amerikanın iradəsinə bağlıdır. ABŞ məsələnin sülh yolu ilə həllini istədiyini göstərsə də praktiki baxımdan NATO bloku bu müharibəni bütün vasitələrlə qızışdırır. Onlar Zelenskinin sülh masasına oturmasında maraqlı deyillər. Münaqişənin uzanması Ukrayna xalqı üçün daha ağır baha başa gələcək. Bundan əlavə artıq avropa rəhbərləri hərbi sursatların tükəndiyini etiraf edirlər. Onlar maliyyə dəstəyi verməyəcəklərini bildirirlər. Xüsusilə də Macarıstan rəhbərliyi bu münaqişədə açıq şəkildə Ukrayna rəhbərliyini ittiham edərək danışıqların aparılmamasında günahın birbaşa Zelenskidə olduğunu qeyd etdi. Zelenski və onun kimi düşünənlər hesab edir ki, Rusiya nəzarət etdiyi torpaqlardan geri çəkiləcək, bu isə absurddur. Rusiya bu müharibədə yüz minlərlə canlı qüvvə, milyardlarla vəsait itirib. Belə olan təqdirdə onların geri çəkilməsi mümkün deyil. Ümumiyyətlə dünya siyasəti gücün qanununa görə tənzimlənir. Güclüsənsə haqlısan. Biz bunu İsrail-Fələstin məsələsində də görürük, Venesuelada, İran ətrafında gedən proseslərdə bunu sezə bilirik. Ona görə də, Rusiya hər sahədə üstünlük əldə etdiyinə görə onların şərtləri qəbul edilənə qədər müharibə davam edəcək və Ukrayna xalqı daha çox əziyyət çəkəcək. Belə olan təqdirdə Ukrayna daha ağır şərtlərlə sül masasına otuzdurulacaq.”
Nurlan Cəfəri













