“Zelenski siyasi dəstək üçün manevr edir” - Gaffar Yakınca Ukrayna Prezidentinin Türkiyə səfərini “Yeni Çağ”a şərh etdi
“Ukrayna Prezidenti Zelenski daxildəki böyük korrupsiya qalmaqalından sonra uzun bir Avropa səfərinə çıxdı. Türkiyə ziyarəti, əslində, bu səfərin bir hissəsidir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Türkiyənin tanınmış köşə yazarı Gaffar Yakınca deyib.
Gaffar Yakıncanın fikrincə, Zelenskinin Ukraynanın liderliyini davam etdirməsi məsələsində ABŞ ilə Avropa arasında gərginlik var:
“Çünki Ukrayna Korrupsiya Bürosunun Zelenskinin ən yaxın ətrafına qarşı keçirdiyi əməliyyat ABŞ-nin daxili kəşfiyyat xidməti FTB ilə əməkdaşlıqla həyata keçirilib. Dolayısı ilə Zelenskinin Avropa səfəri avropalı müttəfiqlərinin dəstəyini almaq üçün siyasi manevr kimi görünür.
Lakin Türkiyəyə keçməzdən az əvvəl Rusiya ilə sülh danışıqlarının başlana biləcəyini dedi. Kreml isə onlara belə bir müraciətin çatdırılmadığını bildirsə də, Türkiyədə başlayacaq yeni bir prosesə isti yanaşdıqlarını ifadə edir. Onsuz da 2022-ci ildəki ilk sülh danışıqları prosesi Antalya–İstanbul xəttində baş tutmuşdu. Həmin dövrdə Böyük Britaniyanın Baş naziri Boris Consonun son anda etdiyi müdaxilə olmasa, Türkiyə Rusiya–Ukrayna müharibəsini bitirmiş olacaqdı”.
Gaffar Yakınca qeyd edib ki, bu gün Türkiyə barış müzakirələrində vasitəçilik etmək məsələsində daha üstün mövqeyə sahibdir:
“Birincisi, Amerika administrasiyası Ukraynada sülh istəyir və bu mövzuda Türkiyəni ən önəmli aktor kimi görür. İkincisi, Türkiyə uzun sürən müharibə boyunca mənəvi mövqeyini qorumağı bacardı. Bu gün həm rusların, həm də ukraynalıların sülh danışıqları mövzusunda etibar edə biləcəyi, bəlkə də, yeganə ölkə Türkiyədir. Buna görə də Zelenskinin səfəri ilə birlikdə yeni bir sülh prosesinin başlanması sürpriz olmaz”.
Zelenskinin bu gedişi müharibənini bitirə bilib-bilməyəcəyinə gəlincə, Gaffar Yakınca vurğulayıb ki, 2022-ci illə müqayisədə bu gün şans daha yüksəkdir:
“Bu gün sülhün qarşısındakı ən böyük maneə Ukraynadakı daxili qarışıqlıqlar kimi görünür. Deməli, Ukraynada hökumətin gələcəyinin necə olacağı məsələsi də ayrıca nəzərdən keçirilməlidir. Ruslar isə bir tərəfdən “sülh istəyirik” desələr də, digər tərəfdən hərbi irəliləyişlərini davam etdirirlər, yəni bu qeyri-müəyyənliyi fürsətə çevirirlər”.
Amin Aqiloğlu












