Zelenskinin Türkiyə SƏFƏRİ: "Rəsmi Ankara əsas aktordur, Qərb isə prosesdə passiv rol oynayır"
“Türkiyə Ukraynanın bərpası və regionda təsir platforması qurmaqda əsas oyunçu roluna qədəm qoyur, Qərb isə bu prosesdə daha passiv görünəcək”.
Bunu Yenicag.az-a açıqlamasında Britaniyalı politoloq Neil Uotson deyib.
O, Ukrayna Prezidenti Volodimir Zelenskinin noyabrın 19-da Türkiyəyə baş tutacaq səfəri və burada əldə olunacaq mümkün nəticələr barədə fikirlərini səsləndirib.
Politoloq bildirib ki, ekspertlərin proqnozlarına görə, Ukrayna, Türkiyə və münaqişənin geniş dinamikaları ilə bağlı bir neçə əsas meyil formalaşır:
“Bu münaqişə yalnız Ukrayna ilə bağlı deyil, həm də qlobal güc bölgüsündəki dəyişikliklərin bir hissəsidir. Tez zamanda atəşkəs və ya genişmiqyaslı “sülh sazişi” gözlənilməməlidir. Çünki onun uzanmasından bir çox tərəf fayda götürür. Türkiyə isə sülhməramlı rolunda deyil, uzunmüddətli strateq və regional konfiqurasiya memarı kimi səhnəyə çıxır. Avropa İttifaqı və Rusiya ilə münasibətlərini qoruyaraq öz təsirini artırır.
Türkiyə və Ukrayna konkret addımlar atmaq imkanındadır. Burada Qara dəniz vasitəsilə Ukrayna taxıl ixracı üçün yeni formatda logistika və “taxıl koridoru” razılaşması, dronlar, rəqəmsal infrastruktur, müşahidə və süni intellekt sahəsində əməkdaşlıq, həmçinin Türkiyənin vasitəçi rolunu genişləndirmək və yeni “yol xəritəsi” təqdim etməklə regional təsirini möhkəmlətməkdən söhbət gedir. Bu addımlar dərhal sülh üçün deyil, təsir dairəsini artırmaq və oyun qaydalarını yenidən müəyyənləşdirmək məqsədini daşıyır”.
Ekspertin sözlərinə görə, Türkiyənin uzunmüddətli strategiyası sülhün təmin edilməsindən çox, sülh prosesinin qarantı rolunu oynamaq və öz maraqlarına uyğun idarə etmək üzərində qurulub:
“Bu, qida, enerji, logistika və rəqəmsal infrastrukturu birləşdirən geoiqtisadi bir mərkəz yaratmaq, Şərq və Qərb arasında texnoloji körpü rolunu oynamaq və türkdilli ölkələr və post-Sovet məkanında yumşaq gücünü genişləndirmək istiqamətindədir. Sabahkı görüş sülh üçün başlanğıc deyil, təsir dairəsinin dəyişməsinin başlanğıcı olacaq. Türkiyə Ukraynanın bərpası və regionda təsir platforması qurmaqda əsas oyunçu roluna qədəm qoyur, Qərb isə bu prosesdə daha passiv görünəcək”.
Nəsimi Ələsgərli












