Zelenskiyə qarşı ÇEVRİLİŞ HAZIRLANIR – Türkiyəli jurnalist ABŞ-ın Ukrayna planını açıqladı
Donbasda Rusiyanın irəliləyişi davam edərkən, Ukraynada daxili siyasi böhran dərinləşir. Hərbi kəşfiyyat rəisi Kirilo Budanovun ordu və hökumət üzərində təsirinin artması fonunda Prezident Volodimir Zelenskiyə qarşı orduda çevriliş ehtimalına dair söz-söhbətlər güclənib. Pokrovsk xəttinin çökəcəyi gözlənilən bir vaxtda Kiyevdə iri həcmli enerji korrupsiya qalmaqalı da gündəmdədir.
Belə şəraitdə bu suallar aktuallaşır:
– Zelenski sülh sazişinə yaxın durmasa, onun üçün siyasi yolun sonu gələ bilərmi?
– Ukraynada Zelenskiyə qarşı çevriliş cəhdi mümkündürmü?
– Enerji sektorundakı korrupsiya qalmaqalının məhz indi üzə çıxması, Zelenskini Rusiya ilə danışıqlara məcbur etmək üçün bir təzyiq aləti ola bilərmi?
Türkiyənin “Süper Haber” xəbər portalının baş redaktoru Sinan Sungur hesab edir ki, “Ukraynada müharibənin bitməsini istəyən tərəflərin səsi hələ eşidilmir. Alternativ siyasi güclər daha çox Zelenskinin müharibədəki uğursuzluğu üzərində mövqe tutaraq növbələrini gözləyirlər. Hazırkı mərhələdə Tramp və Putinin üzərində razılaşdığı, Kiyevə diktə olunan bir plan var: bu plan Ukraynanı qəti məğlub tərəf kimi qəbul edir və təslim şərtlərini irəli sürür. Tramp Rusiyanı başqa cür inandıra bilməyəcəyini düşündüyü üçün müharibəni yalnız Moskvanın xeyrinə olacaq şərtlərlə bitirməyə çalışır”.

Sungurun fikrincə, “Avropadan da kifayət qədər dəstək gəlməyəcəyi artıq aydındır. Avropa genişmiqyaslı hərbi təşəbbüsü təxminən 2030-cu illərə təxirə saldığı üçün, ara-sıra verilən və Rusiya ilə münasibətləri daha da gərginləşdirən qismən dəstəklərin vəziyyəti dəyişməyəcəyini görür. Avropa elitaları da gec-tez öz yollarını müəyyən edəcək istiqaməti axtarır. Türkiyə isə hər iki ölkəyə bərabər məsafədə dayanaraq, müharibənin bitməsindən ən çox faydalanacaq ölkələrdən biri olmağın təqvimini gözləyir”.
Ekspert deyir ki, “Belə mənzərədə müharibənin dayandırılması üçün təxminən 28 bənddən ibarət təqdim olunan layihəni Avropanın və Zelenskinin qəbul etmə ehtimalı yüksək görünür. Əgər qəbul edilməsə, bir qədər dirənişdən sonra bu planın daha sərt variantı yenidən gündəmə gələ bilər. Hətta paytaxtın açıq işğalı ilə nəticələnə biləcək bir müharibədə həyatını itirmək riski də mövcuddur”.
Sinan Sungur vurğulayır ki, “Zelenski sülhü qəbul etməzsə, ABŞ dəstəyi ilə bir çevrilişlə üz-üzə qala bilər. Məcburən bir həll tapılmalıdır. Bu həll variantları arasında sazişi imzalayıb İsrailə və ya hər hansı Avropa paytaxtına sığınmaq da gündəmə gələ bilər. Paşinyan formulu ilə bu durumdan çıxmaq real görünmür. Yaxın günlərdə Ukraynada könüllü hakimiyyət dəyişikliyi müzakirə oluna bilər. Keçid hökuməti ilə sülh şərtləri idarə edilərkən, ölkənin özünü toparlaması üçün maliyyə təqvimi başlaya bilər. Rusiyanın ən böyük qazancı isə prosesin uzadıldığı şəraitdə qismən ərazi qazanımları və sərhəd təhlükəsizliyinin möhkəmlənməsi olacaq. Avropa ilə münasibətlər dərhal əvvəlki səviyyəsinə dönməyəcəyi üçün Moskvada da problemlər bir müddət davam edə bilər. Bu cür müharibələrin tərəflər üzərində qoyduğu izlər asan silinmir, lakin Türkiyə kimi asanlaşdırıcı ünvanlar prosesin körpüsü rolunu oynaya bilər”.
Amir Aqiloğlu












