Qanuna təklif edilən QADAĞA DƏYİŞİKLİYİ: "Bu yolla həmin problemlər həll olunmayacaq" - REAKSİYA
“Qanunu sərtləşdirməklə belə halların qarşısının alınacağını düşünmək düzgün deyil”.
Bunu “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna təklif edilən dəyişikliklərə münaisbət bildirən “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev Yenicag.az-a açıqlamasında deyib.
A. Əliyev bildirib ki, medianı, ictimai əlaqə formalarını, sosial şəbəkələri və s. “qaydaya salmaq üçün” qanunvericilikdə kifayət qədər normalar nəzərdə tutulub:
“Həmin normalar ya işləmir, ya da düzgün şərh olunmur. Buna görə də qanunu sərtləşdirməklə belə halların qarşısının alınacağını düşünmək düzgün deyil. Nə qədər belə qanun qəbul olunsa da, dəyişən heç nə olmayacaq. Çünki onların kökü qanunlardan gəlmir, propoqandadan, ideologiyadakı yanlışlıqlardan, kütləvi informasiya vasitələrinə münasibətin düzgün olmamasından qaynaqlanır.
Qanunlarda ifadə olunan normalar, ifadələr hüquqi norma və ifadələr olmalıdır. “Milli mənəvi dəyərlər” kimi ifadələr hüquqi kateqoriyalar deyil ki, bununla bağlı hansısa cəza nəzərdə tutulsun. Bu o deməkdir ki, qanunu tətbiq edən adam onu istədiyi kimi izah edəcək. Mən bunu qanun halına salanların niyyətini başa düşürəm. Bu ondan irəli gəlir ki, media və sosial şəbəkələrdə əxlaqsızlıqlar, təhqirər yığışdırılsın. Amma mən demək istəyirəm ki, bu yolla həmin problemlər həll olunmayacaq, buna heç bir töhfə verməyəcək. Əksinə, ictimai narazılığı artıracaq. Həmçinin qanunu tətbiq edənlərə sui-istifadə imkanları tanıyacaq. Bu halları aradan qaldırmaq üçün tamam başqa formada fəaliyyət lazımdır”.












