Zəlimxan Məmmədli: Tiflisdə baş verənlər İvanişvilinin apardığı “Rusiya xəttinin” iflası deməkdir

Gürcüstanın paytaxtı Tiflisi etiraz dalğası bürüyüb.

Etiraz aksiyalarına səbəb isə anti-gürcü mövqeyi ilə tanınan rusiyalı deputat Qavrilovun Gürcüstan parlamentinin spikerinin kürsüsündə əyləşməsi olub.

Dünəndən bu yana etirazçılar Gürcüstan parlamentinin binası qarşısında aksiya keçirirlər və hətta bir neçə dəfə binanı tutmağa da cəhd ediblər.

Tiflisdəki son vəziyyət və hadisələrin səbəbi barədə “Borçalı” cəmiyyətinin sədri Zəlimxan Məmmədli Yenicag.az-a danışıb.

Zəlimxan Məmmədlinin sözlərinə görə, etirazçılar indiki Gürcüstan hakimiyyətinin Rusiyaya meyilliliyinə qarşıdırlar:

“Gürcüstan hakimiyyətinin apardığı siyasətdə qurulan kombinasiyalar, milli azlıqlara münasibət, strateji tərəfdaşlığa qarşı anlaşılmayan davranışlar, böyük layihələrdə Azərbaycanın milli maraqlarını təhdid edən mövqe nümayişi və digər məsələlərin hamısında Rusiyanın barmağının olması artıq üzə çıxdı. Bunlar zaman keçdikcə öz təsdiqini tapır. Azərbaycana qarşı davranışlar, son dəfə isə Keşikçidağı məsələsində Azərbaycana qarşı səslənən bəyanatlar, barmaq silkələmələri Rusiyadan “ötürülən pasdır”. Bu da vəziyyəti ciddi surətdə gərginləşdirir, iki dövlət arasındakı etimadı və inamı sarsıdır. Nəticədə isə, Rusiya qoşunlarının bölgəyə yeridilməsi üçün münbit şərait yaranır. İvanişvili hazırda bu sifarişləri yerinə yetirir. Gürcüstan Parlament Respublikasıdır, onun spiker kürsüsündə kommunistin, Gürcüstanın ərazi bütövlüyünə qarşı döyüşmüş, separatçıların yanında yer almış birinin oturması və orada sərsəmləməsi isə mənə elə gəlir ki, gürcü cəmiyyətinin nəbz yoxlaması idi. Gürcü cəmiyyəti də bunun layiqli cavabını verdi. Tiflisdə baş verənlər İvanişvilinin apardığı “Rusiya xəttinin” iflasa uğraması deməkdir. Bu o deməkdir ki, Gürcüstan cəmiyyəti Rusiyanın işğalçı olmasını unutmayıb. Burada Qərb və Rusiya arasındakı mübarizə açıq müstəviyə keçib”.

Zəlimxan Məmmədlinin proqnozuna görə, bu proses İvanişvili hakimiyyətinin sonunu gətirəcək:

“Proses davamlı olacaq. İvanişvilinin reytinqi getdikcə daha da çox düşəcək. Lokal olaraq müəyyən gərginliklər yarana bilər. Hətta yenidən inqilabın olması da mümkündür. Bu prosesin nəticəsində İvanişvili hakimiyyətini itirə bilər”.

Səxavət Məmməd