Okeandan çaya KÖÇ: Dinozavrlarla eyni dövrdə yaşamış yırtıcı ilə bağlı ŞOK TAPINTI - FOTO
ABŞ-nin Şimali Dakota ştatında aşkar edilən bir diş fosili, dinozavrlar dövründə okeanlarda hökm sürən nəhəng su yırtıcısının çaylarda da ovlana biləcəyini üzə çıxarıb.
Yenicag.az xəbər verir ki, bu barədə araşdırmanın nəticəsi “BMC Zoology” elmi jurnalında yayımlanıb.
İsveçdəki Uppsala Universitetinin tədqiqatçıları bildirirlər ki, kərtənkələyə bənzər bu nəsli kəsilmiş sürüngənin uzunluğu 12 metrə çatıb və müasir duzlu su timsahlarının yaşadığına bənzər bir mühitdə mövcud olub.
İndiyədək iri kəllə və güclü çənəsi ilə tanınan bu qorxunc nəhəng su sürüngənlərinin yalnız okeanlarda ovlanan dəniz yırtıcısı olduğu düşünülürdü.
Şimali Dakotadakı “Hell Creek” formasiyasında tapılan 66 milyon illik mosazor diş fosilində çay suyuna məruz qalma izləri müəyyən edilib.
Alimlər bu tapıntının “adətən, dəniz sürüngənləri hesab edilən mosazorların şirin su mühitlərində də yaşaya biləcəyinə dair artan sübutlara yeni birini əlavə etdiyini” deyirlər.
Son araşdırmada incələnən diş fosilində mosazorun müəyyən müddət şirin suda yaşadığını göstərən kimyəvi izlər aşkar edilib.
Alimlər dişin tapıldığı yerin bir vaxtlar Qərbi Daxili Dəniz Yolu adlanan qədim dənizə bağlı çay bölgəsi ola biləcəyini düşünürlər.
Analizlər dişin mosazorların “Prognathodontini” qrupuna aid olduğunu da göstərir: fosilin səthindəki kobud naxışlarla bu qrupdakı digər növlərin dişlərindəki naxışlar arasında oxşarlıqlar tapılıb.
Tədqiqatçılar diş fosilində şirin su mühitləri ilə əlaqəli oksigen və stronsium elementlərinin müxtəlif izotoplarını aşkarlayıblar. Onların fikrincə, bu, mosazorun şirin su heyvanları ilə qidalandığının və okeandan uzaqda yaşayıb ovlana bildiyinin göstəricisi ola bilər.
Üstəlik, diş fosilində yer dəyişməyə dair heç bir iz görünməməsi mosazorun “Hell Creek”də yaşayıb orada ölmüş olduğunu göstərir.
Bu bölgədə indiyədək eyni dövrə aid başqa mosazor dişi tapılmamışdı.
Qərbi Daxili Dəniz Yolu bölgəsində aşkar edilən daha qədim mosazor dişləri və digər heyvanlar üzərində aparılan araşdırmalar dəniz suyundan çox şirin su mühitinə işarə edir və bu da zamanla duzluluq səviyyəsinin azaldığını göstərir.
Alimlər hesab edirlər ki, bölgədəki mosazorlar Qərbi Daxili Dəniz Yolundakı duzluluğun azalmasına uyğunlaşaraq tədricən “Hell Creek” çay kanallarına daxil olublar.
Araşdırmada belə qeyd olunur: “Daha gənc və kiçik fərdlərin bu sahil və çay mühitlərindən istifadə etmə ehtimalı daha yüksək olsa da, bu adaptasiya “Hell Creek” formasiyasının paleo-mühitində geniş çayların iri gövdəli növləri dəstəkləyə bildiyini göstərə bilər”.












