Ərdoğan və Putin Cənubi Qafqazda sülh prosesini müzakirə etdi - YENİLƏNDİ 2
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinin Aşqabadda görüş zamanı müzakirə etdikləri məsələlər açıqlanıb.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Məlumatda deyilir ki, prezidentlər Türkiyə–Rusiya münasibətləri, Rusiya–Ukrayna müharibəsində sülh səyləri və Aİ-nin Rusiya aktivlərinin dondurması kimi məsələləri müzakirə ediblər.
Ərdoğan müharibənin ədalətli və davamlı sülhlə bitməsi üçün göstərilən təşəbbüslərin əhəmiyyətini vurğulayıb və enerji obyektləri ilə limanları əhatə edən məhdud atəşkəsin faydalı ola biləcəyini bildirib.
Türkiyənin sülh prosesini yaxından izlədiyi və istənilən formatda danışıqlara ev sahibliyi etməyə hazır olduğu qeyd olunub.
Görüşdə həmçinin Fələstin və Suriyadakı son hadisələr, eləcə də Cənubi Qafqazda sülh prosesi müzakirə olunub.
***15:56
“Rusiya Prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan Ukrayna məsələsi ətrafında fikir mübadiləsi aparıblar”.
Yenicag.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.
O bildirib ki, Ərdoğan və Putin Avropanın Rusiya aktivləri ilə bağlı atmaq istədiyi addımları da müzakirə ediblər:
“Liderlər belə bir ortaq qənaətə gəliblər ki, Avropa İttifaqı ölkələrinin bu cəhdləri beynəlxalq maliyyə sisteminin əsaslarının və prinsiplərinin laxlamasına səbəb ola bilər”./Oxu.Az/
***14:52
Türkmənistanın paytaxtı Aşqabadda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putin arasında görüş keçirilib.
Yenicag.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Görüş “Beynəlxalq Sülh və Etimad İli – 2025” forumu çərçivəsində baş tutub.












