Ana dilinin saflığının QORUNMASI: "Mediada, efirlərdə xarici sözlərin yersiz işlədilməsi..."
“Yeni terminlərin dilimizə gətirilməsində, dilimizin zənginliyinin və orijinallığının qorunmasında medianın və jurnalistlərin üzərinə böyük məsuliyyət düşür”.
Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib. 
O, televiziya verlişlərində və proqramlarında əcnəbi sözlərdən istifadənin qarşısının alınması və dilin ədəbi qaydalarına tamamilə riayət olunması üçün zəruri addımlardan danışıb:
“Prezident İlham Əliyevin AMEA-dakı çıxışı bir daha Azərbaycan dilinin saflığının qorunub saxlanılmasının vacibliyini gündəmə gətirdi.
Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli fərmanı dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. Prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” ana dilimizin hərtərəfli inkişafı və tətbiqi baxımından xüsusilə böyük əhəmiyyət daşıyır. Dövlətimizin başçısı 2018-ci ildə Azərbaycan dili ilə bağlı iki mühüm sənəd imzaladı. Onlardan biri “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncam oldu. Digər sənəd isə “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı tədbirlər planı haqqında” fərman idi”.
O qeyd edib ki, müasir dövrdə media sahəsində – istər çap, istərsə də elektron mediada, efirlərdə ana dilimizin saflığının, ədəbi qaydaların qorunmasına ciddi şəkildə riayət etmək lazımdır:
“Ümumiyyətlə, bu gün Azərbaycan dilinin informasiya məkanında təbliği və inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Sosial şəbəkələrin, onlayn medianın bu qədər geniş yayıldığı bir dövrdə ana dilinin saflığının qorunmasına hər birimiz xüsusi diqqət göstərməliyik.
Bu gün efir məkanında, çap mediası və rəqəmsal media platformalarında ədəbi dil normalarına əməl olunması milli mədəni dəyərlərin qorunması və dilin saflığının təmin edilməsi baxımından müstəsna əhəmiyyət daşıyır. Mediada, efirlərdə xarici sözlərin yersiz işlədilməsi ədəbi dilin normalarını pozaraq gənclərin dil mühitinə mənfi təsir edir. Buna görə yeni terminlərin dilimizə gətirilməsində, dilimizin zənginliyinin və orijinallığının qorunmasında medianın və jurnalistlərin üzərinə böyük məsuliyyət düşür. Hesab edirəm ki, gənc aparıcılar, jurnalistlər ana dilimizin saflığının qorunmasında mühüm amillərdən biri olan vurğu məsələsinə diqqət etməlidirlər. Azərbaycan ədəbi dilinin normalarına ciddi əməl olunmalı, bu normalar bütün sahələrdə düzgün tətbiq edilməlidir”.
Nəsimi Ələsgərli












