Livan İranı regionda qeyri-sabitlik yaratmaqda günahlandırdı
Livanın xarici işlər naziri Yusif Racci İranın Livan və Yaxın Şərqdəki rolunun “çox mənfi” olduğunu bildirib.
Yenicag.az xəbər verir ki, Racci bu barədə “Əl-Cəzirə”yə danışıb.
O, Tehranın siyasətini bölgədə “sabitliyin pozulması mənbəyi” adlandırıb.
Racci deyib ki, Livanın Qərbyönlü hökuməti Tehran Livanda “qanunsuz təşkilatı” (“Hizbullah”ı nəzərdə tutur – red.) maliyyələşdirməyi dayandırarsa və ölkənin daxili işlərinə qarışmaqdan əl çəkərsə, İranla dialoqa açıqdır.
Onun sözlərinə görə, ərəb ölkələri Livana İsrailin ölkədə genişmiqyaslı hərbi əməliyyat planlaşdırdığını bildiriblər. Racci əlavə edib ki, Beyrut diplomatik kanallardan istifadə edərək Livan dövlət obyektlərinin hücuma məruz qalmamasına çalışır.
Nazir vurğulayıb ki, “Hizbullah”ın silahları nə Qəzzaya dəstək ola bilib, nə də Livanı qoruya bilib, amma qruplaşma onları təhvil verməkdən imtina edir.
İsraillə birbaşa danışıqlara toxunan Racci qeyd edib ki, Livan “ənənəvi danışıq”larda iştirak etmir, sadəcə İsraillə atəşkəs rejiminə qayıtmağa çalışır.












