Zəlzələnin Türkiyə iqtisadiyyatına ZƏRƏRİ: “Azərbaycanda bu məhsulların bahalaşmasına səbəb olacaq”

“Türkiyədəki iqtisadi ziyan ölkəmizə idxal olunan bir çox məhsulların qiymətində müəyyən bahalaşmalara səbəb olacaq”.

Bu sözləri Türkiyədə baş verən zəlzələlərin ölkəmizlə iqtisadi əməkdaşlığa mümkün təsirlərini şərh edən iqtisadçı Asif İbrahimov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, məlum hadisə Türkiyədən ölkəmizə gətirilən məhsulların qiymətini qaldıracaq:

“Baş verən zəlzələlərin Türkiyə iqtisadiyyatına vurduğu ziyan olduqca böyükdür. Bir çox sənayə və mülki binalar dağılıb. Türkiyə iqtisadiyyatına dəyən ümumi zərərin məbləği ancaq qiymətləndirmədən sonra müəyyən oluna bilər.

Bütün hallarda türk iqtisadiyyatına ciddi mənfi təsir edəcəyi şübhəsizdir. Çünki zəlzələ nəticəsində bir çox iqtisadi sahələrin fəaliyyəti dayandırılıb, sənaye müəssisələrində dağıntılar müşahidə olunub. Turistik zonaların bəzilərində yol uçqunları və hotellərin dağılması faktı var.

Türkiyədəki iqtisadi ziyan ölkəmizə idxal olunan bir çox məhsulların qiymətində müəyyən bahalaşmalara səbəb olacaq.

Bundan başqa, ölkəmizə gətirilən geyim məhsullarının qiyməti bahalaşa bilər. Çünki Türkiyədə fabriklərlə yanaşı, binaların zirzəmilərində yerləşən dərzixanalar da zəlzələ nəticəsində zərərə uğrayıblar”.

Gülşən Şərif