Masallıda azyaşlı olduğu və zorla evləndiriləcəyi məlumatları yayılan məktəbli ilə bağlı Masallı rayonu üzrə təhsil sektoru açıqlama yayıb.
Yenicag.az xəbər verir ki, açıqlamada deyilir:
“Masallı rayonu Mahmudavar kənd Q.Babayev adına ümumi orta məktəbin 2008-ci il təvəllüdlü IX sinif şagirdinin nişanlanması və bu məqsədlə toy məclisinin planlaşdırılması barədə 24.05.2024-cü il tarixdə sosial şəbəkələrdə paylaşılan məlumatlarla bağlı tərəfimizdən profilaktik tədbirlər görülüb.
Belə ki, 24 may saat 17:02-də Masallı rayonu üzrə təhsil sektoruna məlumat daxil olan kimi, bu barədə yerli ərazi nümayəndəliyi və ərazi üzrə sahə müvəkkili məlumatlandırılıb, həmçinin valideynlərlə müvafiq söhbət aparılaraq mövcud qanunvericiliyin tələblərindən irəli gələn məsələlər onlara izah edilib. Bununla yanaşı qeyd olunmuş məsələ ilə bağlı şagird və onun hər iki valideyni, nişanlandığı iddia olunan oğlan və onun atası Masallı Rayon Polis Şöbəsinə dəvət olunub. Masallı Rayon İcra Hakimiyyətinin, Masallı rayonu üzrə təhsil sektorunun və Masallı RPŞ-nin müvafiq əməkdaşlarının iştirakı ilə valideynlərlə profilaktik söhbətlər aparılıb və akt tərtib olunub.
Həmçinin bildiririk ki, sözügedən şagird cari tədris ilində həmin məktəbin IX sinfində təhsil aldığı müddətdə müntəzəm olaraq dərslərə davam edib, davamiyyətində problem olmayıb, məktəbdə özünü intizamlı şagird kimi aparıb, eyni zamanda buraxılış imtahanında da iştirak edib”./unikal
www.yenicag.az