Reklam: High Technic
hightechnic

11 sentyabr terroru: Faciədən yeni dünya düzəninə “keçid”

2001-ci il sentyabrın 11-də Nyu-Yorkda “əkiz qüllələr”in partladılması ilə törədilmiş dəhşətli terror aktından 17 il keçir.

“Əl-Qaida”nın Nyu-Yorkda yerləşən Ümumdünya Ticarət Mərkəzinə analoqsuz təyyarə hücumu nəticəsində 90-a yaxın ölkədən olan 3000 nəfərin ölümü və minlərlə insanın yaralanması ilə nəticələnən terror aktı bəşər tarixinin ən qanlı olayı hesab olunur.

Bu terror hücumu bütün dünyada sarsıdıcı effekt yaratmaqla yanaşı, ABŞ hakimiyyətinə dünyada, xüsusilə, Yaxın Şərq və Mərkəzi Asiyada uzunmüddətli strateji planlarını həyata keçirmək üçün yol açdı.

Məhz 11 sentyabr terrorundan cəmi bir ay sonra ABŞ faciənin təşkilatçısı hesab etdiyi “Əl-Qaida” lideri Üsəma bin Ladenin zərərsizləşdirilməsi adı altında Əfqanıstana genişmiqyaslı hərbi əməliyyatlara başladı.

Çoxminlik hərbi kontingentin və bütün qoşun növlərinin cəlb olunduğu əməliyyat yekunda “Əl-Qaida”nın sıradan çıxarılması, o cümlədən Əfqanıstanın ABŞ tərəfindən tam işğalı ilə nəticələndi. Bundan bir neçə il sonra isə Bin Laden də xüsusi əməliyyatla aradan götürüldü.

ABŞ Əfqanıstanın işğalını başa çatdıraraq, İraqa doğru istiqamət götürdü və Səddam Hüseynlə “yarımçıq qalmış” haqq-hesabı çürütməyə tələsdi. Əməliyyatın əvvəlində İraq ordusunun cüzi müqaviməti ilə üzləşən ABŞ daha sonra ciddi çətinlik çəkmədən 2003-cü ilin ikinci yarısında bu ölkəni də öz nəzarətinə götürdü. İraqın işğalından üç il sonra yaxalanan Səddam Hüseyn isə 2006-ci il dekabrın 30-da, Qurban bayramı günü edam edildi.

Təbii, hər iki ölkənin işğalını başa çatdıran ABŞ həmin dövlətlərdə özünün müəyyənləşdirdiyi siyasi sistemlər qurdu və bu vasitə ilə Əfqanıstan və İraqda daim nəzarətində olacaq siyasi rejimlər formalaşdırdı.

ABŞ Yaxın Şərq və Mərkəzi Asiyanı əhatə edən bu işğal siyasətini cəlbedici kamuflyajla pərdələmişdi: antiterror əməliyyatları. Vaşinqton bu məqsədin aliliyini və aktuallığını göstərmək üçün onlarla dövlətin iştirakı ilə beynəlxalq koalisiya da yaratmışdı.

Ancaq gəlin baxaq, Əfqanıstanda “Əl-Qaida” və onun lideri Üsəma bin Ladenin məhvi, İraqda isə Səddam Hüseyn rejiminin devrilməsi ilə dünya terror təhlükəsindən xilas oldumu?

Sadəcə, 2010-cu ildən sonra Yaxın Şərqdə yaşanan faciələri nəzərə alsaq, ABŞ-ın “antiterror strategiyası”nın regionu real terror girdabına saldığını görərik. 2003-cü ilə qədər bölgədə adları eşidilən, əməlləri ortada olan iki təşkilat məlum idi: “Müsəlman qardaşları” və “Əl-Qaida”.

Aradan keçən 15 ildə, xüsusilə, 2011-ci ildə vüsət alan “Ərəb baharı” dalğasında meydana çıx(arıl)an terror təşkilatlarının dəqiq sayını yəqin ki, heç kəs bilmir. Suriyada vətəndaş müharibəsinin gedişində ABŞ-ın dövriyyəyə buraxdığı İraq-Şam İslam Dövlətinin (İŞİD) bir neçə il ərzində Yaxın Şərqə, İslam dünyasına vurduğu ziyanı ifadə etmək mümkün deyil. O cümlədən, Suriya müharibəsi zamanı meydana çıxan, bu gün də ortada olan “Ən-Nüsra” və onlarla başqa terror birlikləri ABŞ-ın Yaxın Şərqə verdiyi “əvəzsiz töhfə”dir.

Bu baxımdan, qeyd olunan məqamlara diqqət yetirdikdə, 11 sentyabr terror aktının arxasında məhz ABŞ xüsusi xidmətinin dayandığına dair iddiaları ciddiyə almaq lazım gəlir. Çünki bu terror aktı ABŞ-a dünya düzənini dəyişmək planlarını həyata keçirmək üçün böyük fürsət yaratdı.

Və ABŞ bu “kart-blanş”ı hələ də xərcləməkdədir…

A.Zeynalov

www.yenicag.az

992