Rusiya və Azərbaycan arasındakı MÜBARİZƏ: "Marionet hakimiyyət planları gözlənilir”- Millət vəkili
“Rusiya Ukrayna cəbhəsindən çıxan kimi Cənubi Qafqaza və orta Asiya türk dövlətlərinə qarşı qaba siyasətinə şahid olacağıq”.
Bu sözləri Rusiya ilə Azərbaycan arasındakı gərginlik və bunun nəticələrini Yenicag.az-a şərh edən Böyük Azərbaycan Partiyasının sədri, millət vəkili Elşad Musayev deyib.
Elşad Musayev bildirib ki, Rusiya Azərbaycanda marionet hakimiyyət qurmaq istəyir və bunun üçün təxribatlara əl ata bilər:
“Rusiya ilə Azərbaycan arasındakı münasibətlər hazırda gərgin dövrdədir. 2022-ci ildə müttəfiqlik sazişi imzalananda Rusiyanın Azərbaycandakı təsir agentləri və politoloqları Rusiya ilə Azərbaycanın tarixən dost və qardaş olduğunu vurğulayırdı. Biz isə hesab edirdik ki, bu sazişlər reallıqdan doğan zərurətdir. Rusiya dövlətçilik fəlsəfəsindən geri çəkilməyib və bölgəni, o cümlədən Azərbaycanı təsir dairəsində saxlamaq istəyir. Azərbaycanda marionet hakimiyyətin olması Rusiyanın marağındadır. Bu səbəbdən də Rusiyadan təxribatlar gözləmək olar. Dəfələrlə belə təxribatlar törədilib. İndi isə Rusiya görür ki, Azərbaycan Ermənistanla məsələləri Rusiyasız həll edə bilir ki, bu, Rusiyanın maraqlarına uyğun deyil. Mən dəfələrlə demişəm ki, Rusiya Ukrayna cəbhəsindən çıxdığı an Cənubi Qafqaz və Orta Asiya türk dövlətlərinə qarşı sərt siyasət həyata keçirəcək.”
Elşad Musayev vurğulayıb ki, Rusiya Ukrayna cəbhəsindən çıxdığı halda Cənubi Qafqaz və Orta Asiya türk dövlətlərinə qarşı daha sərt siyasət yürüdəcək:
“Azərbaycanın yanaşmasında fərq var. Artıq əvvəlki kimi zəif vəziyyətdə deyil və öz mövqeyini qətiyyətlə müdafiə edir. Təyyarə qəzası zamanı da açıq şəkildə bildirdim ki, bu, qəsdlə vurulub. Hadisənin səbəblərindən biri odur ki, Azərbaycan prezidenti həmin vaxt Rusiya hava məkanındaydı. Prezidentimiz həm bölgədə, həm də dünyada nüfuza malikdir, bu isə Rusiyanın maraqlarına uyğun deyil. Rusiyaya Azərbaycanda marionet hakimiyyət lazımdır və buna görə də təzyiq siyasəti aparır. Azərbaycan prezidenti isə daha müstəqil siyasət yürüdür və bu da Rusiyanı narahat edir.”
Millət vəkili əlavə edib ki, Rusiyanın təsirində olan şəxslərin radikal bəyanatlarına baxmayaraq, vəziyyətdən çıxış yolu tapmaq vacibdir:
“Rusiyanın təsirində olan şəxslər sərt və radikal bəyanatlar verir. Belə bəyanatlar vermək mümkündür, lakin onların nəticəsini də hesablamaq vacibdir. Vəziyyətdən çıxış yolu tapmaq lazımdır. Rusiya güclü, qaba və kobud bir ölkədir və istənilən vaxt təxribatlar törədə bilər. Bu təxribatların qarşısını almaq üçün həm sərt mövqe göstərmək, həm də bildirmək lazımdır ki, bizim Rusiya və başqa ölkələrlə düşmənçilik etmək niyyətimiz yoxdur.”
Səxavət Məmməd