12 günlük savaşdan SONRA: İsrail yenə də İranı VURACAQ?

media-hightechnic-468x90

“İsrailin bu məsələdə bir neçə məqsədi və niyyəti var. Əsas hədəf ona açıq şəkildə meydan oxuyan İran kimi bir dövləti zəiflətmək və təsir gücünü aradan qaldırmaqdır. Bunun üçün isə yetərli bəhanələr lazım idi. Son illərdə İran elə addımlar atdı ki, İsrailin əlinə bu bəhanələr keçdi”.

Bunu Yenicag.az-a açıqlamasında əslən Cənubi Azərbaycandan olan politoloq Mehdi Nəimi deyib.

media-mehdi-neimi1

Analitik İsrailin Baş naziri Benyamin Netanyahunun İrandakı 400 kq zəngilənləşdirilmiş uranın zərər görməməsi ilə bağlı söylədiyi fikirlərə, o cümlədən Təl-Əvivin yenidən Tehrana hücum edəcəyi ilə bağlı səslənən iddialara münasibət bildirib.

Onun sözlərinə görə, İsrail bir neçə ildir ki, fürsət düşdükcə, İranın hərbçilərini, generallarını hədəfə alır, onları terrorla aradan götürür:

“Hətta İran Prezidenti İbrahim Rəisinin hakimiyyəti dövründə Suriyanın paytaxtı Dəməşqdəki İran səfirliyinin yaxınlığında yerləşən binaya hava zərbəsi endirmişdi. Bu, İran üçün ağır zərbə idi və Tehran cavab verəcəyini açıqlamışdı. Amma verdiyi cavabın yetərli olub-olmaması mübahisəlidir. Son dövrlərdə İsrail nüvə və digər strateji obyektlərin məhv edilməsi məsələsini gündəmə gətirdi, ABŞ ilə açıq əməkdaşlıq edərək İrana qarşı addımlar atdı. Təl-Əviv 12 günlük savaşda həm yüksək rütbəli hərbçiləri, həm də mühüm elm adamlarını hədəfə aldı. İranın hava hücumundan müdafiə sistemlərini də müəyyən qədər sıradan çıxardı. Bu, İsrail üçün tarixi bir fürsət idi və görünür, o, bu imkanı asanlıqla əldən vermək fikrində deyil”.

M. Nəimiyə görə, İsrail İran hələ özünə gəlməmiş ona yenidən zərbə endirib daha da zəiflətmək niyyətindədir:

“Məqsəd isə İranı hərbi baxımdan tam gücsüz hala gətirməkdir. Suriyada da oxşar ssenari olmuşdu: daxildən zəifləyən Suriya İsrailin hava zərbələri ilə əsas hava hücumundan müdafiə sistemlərini və hərbi təyyarələrini itirmişdi. İsrail indi də oxşar strategiyanı İrana qarşı tətbiq etmək istəyir. Çünki İran neft və qaz satışından, həmçinin digər yollarla əldə etdiyi gəlirləri hərbi texnologiyalara, hava müdafiə sistemlərinə xərcləyərək yenidən İsrailə meydan oxuya bilər. Buna görə də İsrail fürsəti itirmədən İranı nəfəsdən salmaq istəyir. Gələcək mərhələdə, bəlkə də İsrailin məqsədi İran rejimini dəyişmək ola bilər. Hazırda bu məsələ tam açıq şəkildə gündəmdə olmasa da, xalqdan gələcək reaksiyaya görə hərəkət edə bilərlər. Əgər iranlılardan rejim dəyişikliyini dəstəkləyən siqnallar alsalar, prosesə gedərlər. Əks halda, əsas məqsəd hərbi infrastrukturu sıradan çıxarmaq olacaq ki, belə olan halda da İranın nözünə gəlməsi uzun çəkəcək”.

Müsahibimiz iddia edib ki, avqust ayının sonuna doğru İsrailin yeni bir hücumu gözlənilir və buna artıq hazırlıq gedir:

“İran isə 12 günlük savaşdan sonra hava müdafiə sistemlərini bərpa etməkdə çətinlik çəkir. Əgər yenidən münaqişə başlasa, İsrailin təyyarələri rahat şəkildə İranı bombalaya bilər. İranın cavabı isə böyük ehtimalla, raket hücumları şəklində olacaq. Amma İranın döyüş təyyarələri çox köhnədir və İsrailin müasir təyyarələri ilə rəqabət apara bilmir. Quru yolu ilə hücum da mümkün deyil, çünki iki ölkə sərhəd qonşusu deyil. Bu səbəbdən döyüş, əsasən, havada İsrailin təyyarələri və İranın raketləri arasında gedəcək”.

“İndidən aydındır ki, hər iki tərəf qarşı tərəfin həssas nöqtələrinə zərbələr endirməyə çalışacaq. İran da İsraildə müəyyən hədəfləri vura bilər, amma İsrailin güclü hava müdafiə sistemi bu raketlərin bir hissəsini zərərsizləşdirə biləcək. Bununla belə, İranın hava məkanının zəifliyi ona ciddi ziyan vura bilər”, – deyə o, fikirlərini tamamlayıb.

Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa