!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

143 milyonluq mənimsəmənin məhkəməsi: “Yalan danışır, pulu arvadının kartına köçürüb”

!Reklam – Yazi

Müdafiə Nazirliyindəki 143 milyonluq mənimsəmə cinayəti ilə bağlı məhkəmə araşdırması davam edir.

Yenicag.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə baxılan iş üzrə şahidlərin dindirilməsi mərhələsi gedir.

Bu iş üzrə 4 nəfər – Müdafiə Nazirliyinin Maliyyə-Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə İdarəsinin keçmiş rəisi Vüsal Əlizadə mühakimə edilir.

Cinayət əməlində 130 nəfər şahid qismində tanınıb ki, artıq onların 70 faizi məhkəmədə dindirilib.

Bugünkü iclasda ilk olaraq şahid qismində polkovnik-leytenant Hüseyn Yusubov dindirilib. O, 2019-cu ildən indiyə kimi Silahlı Qüvvələrin Baş Klinik Hospitalında maliyyə bölməsinin rəisi işləyir.

Dövlət Təhlükəsizliyi Xidmətinin apardığı istintaqla Yusubovun işlədiyi 3 ildə 3 milyon manat yeyinti aşkarlanıb. Həmin pulun da 1 milyonu şahidin özünə qalıb:

“Kənar adamların adına pullar köçürülüb mənimsənilirdi. Bölgü bəllidir də… təftişə, maliyələşməyə və 335 min manat xüsusi tapşırığa verilib. Xüsusi tapşırıq üçün yığılan pulların hara çatdığını bilmirəm. Mən pulu Sadıq Sadıqova və Süleyman Abbasova vermişəm”.

Prokuror Fuad Musayev şahiddən hərbçilərin hesabına artıq pul köçürülməsi barədə danışmasını istəyib. İttihamçı istintaq materiallarına istinad edərək deyib ki, elə hərbçi olub ki, onun adına aylıq 110 min manat pul köçürülüb. Şahid bütün pulların əvvəl qeyd etdiyi qaydada mənimsənildiyini deyib.

Qeyd etdiyimiz kimi, mənimsənilən 3 milyonun 1 milyonu Yusubova çatıb. Həmin məbləğin 380 min manatı dövlət hesabına qaytarılıb. Şahid qalan məbləği də ödəyəcəyinə söz verib.

Şahid Füzuli Ələkbərli isə cinayət baş verən vaxtlarda bir neçə hərbi hissədə maliyyə-xidmət rəisi işləyib. O, bir müddət əvvəl təqaüdə çıxıb.

Mayor Ələkbərli deyir ki, işlədiyi müddətdə standart yanaşma olub. Məsələn, yoxlamalar zamanı artıq vəsaitlər üzə çıxırdı. Ümumilikdə hərbi hissəyə ayrılan vəsaitin 65 faizi təftiş və maliyələşməyə verilib. 35 faiz isə şahidin özünə qalıb. Ələkbərlinin rəisi təqsirləndirilən polkovnik Cəlal Kazımov olub. Deyir ki, bütün göstərişləri də elə Kazımov verib.

Kazımov isə şahidin dedikləri ilə razılaşmayıb, onu yalan danışmaqda ittiham edib.

“Möhtərəm hakim bu tamamilə yalan danışır. Bu bir qrup şəxsin adına pul köçürüb, həmin pulları da özünə götürüb. Müəyyən etmişdik ki, hərbi hissədə korporativ kart olduğu halda arvadının və digər qohumlarının adına açılan kartlara köçürmələr edib”. 

Prokuror isə şahiddən Cəlal Kazımovun mənimsəmələrdən xəbəri olub-olmaması haqda soruşub:

“Məsələn, sizin epizodda müəyyən şəxslərin hesabına artıq pullar köçürüldüyü yazılıb. Ola bilərdimi ki, Cəlal Kazımov pul köçürəndə yoxlasın, desin ki, bu adama artıq ödəniş edilir?”

“Bəli, rəis istəsəydi, yoxlayardı”,- şahid cavab verib. Füzuli Ələkbərlinin işlədiyi dövrdə mənimsənilən məbləğin 500 min manatı özünə qalıb. Bu günə kimi 100 min manatı dövlət hesabına ödəyib. Qalan məbləği də qısa müddətdə qaytaracağını deyib.

Son olaraq prosesdə Teymur Teymurov dindirilib. Teymurov Müdafiə Nazirliyinin təftiş şöbəsinin işçisi olub. O, bu iş üzrə əsas şahidlərdən biridir, əksər epizodlarda adı keçir.

Şahidlərin bir çoxu təftiş pulunu məhz ona verdiklərini deyiblər.

Qeyd edək ki, təftiş şöbəsinin rəisi polkovnik Rafail Xələfov olub.

T. Teymurov məhkəmədə ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq edib. Deyib ki, hərbi hissələrdə apardığı təftiş zamanı pullar verilib. Yığılan vəsait də işlədiyi şöbəyə çatıb. 

Proses sabah davam edəcək.

Xatırladaq ki, təqsirləndirilən şəxslər 2 il əvvəl Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs ediliblər. Onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham irəli sürülüb.

COP29

www.yenicag.az

239
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv