!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

""15 iyul" Amerikanın Türkiyəyə məğlub olduğu “Fətullah çevrilişi”dir" - Doğu Perincək

!Reklam – Yazi

“Erməni soyqırımı” böhtanına Avropa İnsan Hüquqları məhkəməsində birdəfəlik son qoyan Vətən Partiyasının sədri Yenicag.az-a danışıb:

“NATO ölkəsində ilk dəfə silahlı qladio ağır məğlubiyyətə uğradıldı”

Yenicag: Bölgədə Türkiyəni bu və ya digər formada yaxından maraqlandıran qeyri-adi hadisələr baş verir. Olanları necə dəyərləndirərdiz?

Perinçek: Əvvəla onu deyim ki, baş verən son hadisələr Qərbi Asiyada şiə-sünni məsələsində aparılan təhlillərin və siyasətin çökdüyünü göstərdi. ABŞ 1990-cı illərdən etibarən şiə-sünni ayrı-seçkiliyi yaratmağa çalışır. Nəyə görə? Çünki “qloballaşma”, “yeni dünya düzəni” anlayışları milli dövlətləri dağıtmaqla mümkün ola bilər. Bəs milli dövlətləri necə parçalaya bilərlər? Daxildəki din, məzhəb, etnik parçalanmaları fəallaşdıraraq… ABŞ İraqda, Suriyada, Türkiyədə, İranda, Asiyada, Afrikada həmişə bunu edir. Hər yerdə etnik və dini parçalanmalarla milli dövlətləri bölməyə və dağıtmağa çalışır. Lakin indi nə oldu? Tramp Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşdükdən sonra mayın 21-də əvvəlcə Səudiyyə Ərəbistanına, sonra ardıcıllıqla İsrailə, Vatikana, Brüsselə getdi. Orta Şərqdə ABŞ-ın liderliyi ilə sünni NATO-su qurulacaq. Hətta Tayyip Ərdoğan da orada yer alacaq. Türkiyə ABŞ-dan sonra sünni NATO-sunun ikinci rəhbəri olacaq. İndi bütün bu iddialar iflasa uğradı. Nə baş verir? Türkiyə Qətərlə birlikdə hərəkət edir. Çünki ABŞ-ın Qərbi Asiyada birinci hədəfi artıq Türkiyədir. Eyni zamanda ABŞ-ın bölgədəki planlarının pozulmasında da başlıca rol oynayan Türkiyədir.

Yenicag: Bütün bunları 1980-ci illərin sonlarında dərc etdirdiyiniz jurnallarda yazırdınız. “Mədəniyyətlərin toqquşması” nəzəriyyəsinin də başlıca hədəfi bu deyildi?

Perinçek: Biz hələ o zamanlar da yazırdıq. Dedik ki, ABŞ Türkiyə ordusunu zəiflətməyə çalışır, ABŞ mənbələrində türk ordusu əleyhinə ard-arda yazılar dərc olunur. “Nəzarətdən çıxan türk ordusunun nizama salınması” mövzusu daima gündəmdə saxlanırdı. Nə üçün? Çünki ABŞ gəlib İraqı işğal edərək ikiyə böldü, “36-cı paralelin yuxarısına çıxa bilməzsiniz”, dedi. Buna görə də Türkiyə ordusu da cəbhəsini o istiqamətə çevirdi. Çünki əsas təhdidin İraqın şimalında ABŞ-ın İkinci İsrail qurmaq planından irəli gəldiyini gördü. Buna cavab ABŞ-ın addım-addım hücumları oldu. 2003-cü ilin baharında İkinci Körfəz hücumunu etdi. Orada Kürdüstanı-Bərzanistanı möhkəmləndirdi. Buna görə də Türkiyənin Kürdüstan həssaslığı daha da artdı. Və ABŞ-la Türkiyə qarşı-qarşıya gəldi. ABŞ burada PKK vasitəsilə Bərzanistandan Aralıq dənizi istiqamətində bir dəhliz açmağa yönəldi. Biz bunu ABŞ-İsrail dəhlizi adlandırdıq, amerikalılar isə “kürd dəhlizi”. Amma Türkiyə 2015-ci il iyulun 24-ündən etibarən PKK-nı xəndəklərinə basdırdı, Türkiyə Vətən Partiyasının siyasətinə gəldi. Hökumətin tətbiq etdiyi “kürd açılımı” siyasəti özünü doğrultmadı. Biz onlara dedik ki, bu terror silahla yox edilə bilər. Əzizləməylə, açılımlarla terror məhv edilə bilməz. 2015-ci il iyulun 24-də Tayyip Ərdoğan hökuməti silahlı qüvvələrlə PKK-nın üzərinə getmək təlimatı verdi və PKK-nı xəndəklərdə basdırdı. 2015-ci il avqustun 24-də sərhəddən kənarda apardığı Fərat qalxanı əməliyyatı ilə PKK-nı təqib etdi. Bu arada ABŞ-ın həmləsi 2016-cı il 15 iyul çevriliş cəhdi oldu. Yəni bununla “Sən PKK-nı xəndəklərəmi basdırırsan? Mən də səni yıxaram (devirərəm), Fətullah terror qruplaşmasıyla Ankarada amerikapərəst bir hökumət quraram”- dedi. 15 iyul çevrilişi Amerikanın “Fətullah çevrilişi”dir. Lakin 15 iyulda ABŞ Türkiyədə məğlub oldu, ABŞ-ın Türkiyədəki qladiosu əzildi, ABŞ-ın Türkiyə ordusu və polisi içərisindəki gücü yerlə-yeksan oldu. O gecə bir Türkiyə-ABŞ müharibəsi baş verdi və ABŞ o müharibədə məğlub oldu. Küçələrə ən öndə Vətən Partiyası çıxdı.

Əvvəlcə televiziyaya çıxaraq, “bu, ABŞ çevrilişidir və millətimiz bunu əzəcəkdir”, – dedi. Bu mənada Vətən Partiyası Türkiyə Silahlı Qüvvələrinə vəzifəsini xatırlatdı. Eyni zamanda millət-ordu işbirliyi bunu təmizləyəcək deyildi. Biz bu mövqeni ortaya qoyduqdan sonra hökumət ayağa qalxdı. Türkiyə Fətullah Gülən çevrilişini əzdi və ABŞ qladiosu Türkiyədə uğursuzluğa düçar olaraq orduda, polisdə və məhkəmədəki gücünün böyük bir hissəsini itirdi. Bu, tarixi bir hadisədir. Məhz bu müddətdə ABŞ Türkiyəni özü üçün birinci sıradakı təhdid olaraq görməyə başladı. “İran ABŞ-ın başlıca hədəfidir” deyirlər. Xeyr, İrandan əvvəl Türkiyədir. Çünki Türkiyə Fərat qalxanı əməliyyatı ilə birbaşa meydana girdi, İŞİD-in, PKK-nın üstünə getdi. İŞİD də ABŞ-ın qüvvəsidir. Bunu hamı bilsin. İŞİD heç vaxt ABŞ-ın hədəf aldığı bir qüvvə olmayıb. Bu terror qruplaşması orada ABŞ planlarını həyata keçirir. Sünni-şiə-ələvi münaqişəsini gərginləşdirərək ABŞ planlarına alət olur. Digər tərəfdən PKK da ABŞ planlarına xidmət edir. Yalnız Türkiyə bu planları pozan hərbi həmlə etdi. Əl-Bab-a qədər gedərək, İŞİD-ə zərbə endirdi. Orada türk ordusundan başqa İŞİD-ə qarşı vuruşan yoxdur. İkincisi, Türkiyə ordusu PKK-nı hədəfə alır. Bu vəziyyətdə sünni NATO-su planı tətbiq edilməyə başlandı və Türkiyə yenidən ABŞ-ın qarşısında, Qətər, İran, Suriya və Rusiya ilə birlikdə yer aldı.

Yenicag: 15 iyuldan sonra bir sıra ölkələrin iqtidarları və siyasi partiyalarıyla təmas quraraq, Türkiyədəki real vəziyyət barədə danışdığınızı bilirik. Fərat qalxanı əməliyyatında Rusiya nəzdində görüşləriniz olubmu? Olubsa, bu barədə danışa bilərsiniz?

Perinçek: Əlbəttə, əlbəttə. Bizim apardığımız siyasət açıqdır və onsuz da ictimaiyyəti məlumatlandırırıq. Rus təyyarəsi vurulanda iki ölkə arasında gərginlik yarandı. Dərhal Moskvaya heyət göndərdik. Rusiyaya dedik ki, Türkiyəni sadəcə, mövcud idarəçilərdən ibarət olaraq görməyin. Türkiyə ilə Rusiyanın taleyi ortaqdır. Bizə qarşı düşmən siyasət yeritməyin. Türkiyə də Rusiyaya qarşı düşmən siyasəti apara bilməz. Konstantin Malofeyev və Aleksandr Duqin televiziyalarda çıxış edərək “Vətən Partiyası gəldi və bizi inandırdı”- dedilər. Bundan sonra biz müntəzəm olaraq Rusiyadan heyətlər gətirərək, Tayyip Ərdoğan rejimiylə görüşdürdük.

Yenicag: Hətta Aleksandr Duqin AK partiyanın məclis qrupu iclasında da iştirak etdi.

Perinçek: Duqin 15 iyuldan əvvəl burada idi, martda gəlmişdi. Hər dəfə gələndə biz onu prezident Ərdoğanın ətrafıyla, müşavirləriylə görüşdürdük. Bunu bizdən Tayyip Ərdoğan da istəmişdi. Türkiyə-Rusiya münasibətlərinin normallaşması hər iki ölkə üçün çox faydalı oldu.

Yenicag: Təxminən ay yarım əvvəl “FETÖ siyasi baxımdan dircəlməyə çalışır. Buna görə də siyasi əməliyyatın aparılması vacibdir”, – deyə bir xəbərdarlıq etdiniz. Türkiyə mübarizəni bir az yumşaltsa, dərhal Azərbaycanda baş qaldıracaqlar. FETÖ-yə qarşı siyasi əməliyyatların həyata keçirilməyə başlanıldığını deyə bilərikmi? Sizcə, qruplaşma yenidən ayağa qalxır?

Perinçek: Məncə, ayağa qalxa bilməzlər. Çox ağır zərbə aldılar. Ən əsası isə budur ki, istədikləri qədər gizli əlaqələri olsun, amma silahlı güclərini itiriblər. Təyinedici vəziyyət budur. NATO ölkələrində bir qladio təşkilatı adlı qruplaşma qurulur. Razılaşmalarda var, bir növ yeraltı NATO kimi bir təşkilatdır. NATO tarixində ilk dəfə bir qladio qruplaşma silahla məhv edildi. NATO tarixində belə bir şey olmamışdı. NATO-nun qladio qruplaşmalarının silah gücünə susdurulması hadisəsi Türkiyədən başladı.

Yenicag: Bu, nəyin sayəsində oldu?

Perinçek: Bu, Türkiyənin Atatürkdənqalma başı dik yaşamaq, müstəqil yaşamaq istəyi və Türkiyənin vətən bütövlüyünü qorumaq ehtiyacı sayəsində oldu. Yəni açıq şəkildə nə göründü: ABŞ və NATO Türkiyəni bölən güclərdir. NATO-nun müdafiə təşkilatı deyil, Türkiyəni bölən bir təşkilat olduğu, ABŞ-ın həqiqi müttəfiq deyil, Türkiyəni bölməyə çalışan bir ölkə olduğu üzə çıxdı. Türkiyəni bölməyə çalışan lider bunu necə edəcək? Kürdüstanla böləcək, elə deyil? Ona görə də Türkiyə NATO və ABŞ-la qarşı-qarşıya gəldi. 2016-cı il iyulun 15-də bu, bütün çılpaqlığı ilə ortaya çıxdı. Türkiyə olaraq biz NATO ilə vuruşduq. Amma NATO bu müharibədə kənardan əsgər gətirmədi, daha əvvəl içəridə qurduğu qladionu meydana çıxartdı və orada məğlub oldu. Müharibə sərhədlərdən kənarda deyil, Türkiyənin içərisində başladı.

Yenicag: ABŞ-İsrail dəhlizindən bəhs edirsiniz. Fərat qalxanı əməliyyatı sayəsində Türkiyənin oradakı prosesi dayandırdığını görürük. Yeni hadisələrin baş verəcəyi təqdirdə, Türkiyə bu dəfə mövqeyini hansı formada ortaya qoymalıdır?

Perinçek: Orada Türkiyənin birinci işi PKK-nın təmizlənməsidir. Yəni Türkiyə üçün birinci təhdid İŞİD deyil, PKK və PKK-nin tərkib hissəsi PYD/YPG qruplaşmalarıdır. Əvvəlcə onları təmizləməliyik. Onlar orada olduğu müddət ərzində Türkiyənin narahatlığı davam edəcək. ABŞ isə YPG-yə açıq-aşkar silah verir. “ABŞ bizim müttəfiqimizdir, bizi qoruyar, terroru bitirər”, – illərlə bu nəqarəti dinlədik. Amma Türkiyə hər şeyi açıq şəkildə gördü. ABŞ 1991-ci ildə gəlib İraqı işğal edərək, Bərzanistanı qurdu və biz indi ABŞ-ın qonşusuyuq. Ona görə də nə qədər ki, ABŞ Suriyanın, İraqın şimalındadır Türkiyəyə təhdidlər davam edəcək. Məsələ kürdlərdən qaynaqlanmır, onlar da bir alət, bir piyadadır. Yəni ABŞ ilə PKK arasındakı münasibət bir şah-piyada münasibətidir. PKK strateji piyadadır, ABŞ-sız mövcud ola bilməz. Rusiya və ya İran PKK-nı ABŞ-ın əlindən ala bilməz. Bölgədə Türkiyə, Suriya, İran və İraq arasında birlik və bərabərlik var. ABŞ isə bunu bölməyə çalışır. Ruslara da deyirik ki, PKK-nı ABŞ-ın əlindən alıb istifadə edə bilməzsiniz. Çünki onların strateji ortaqlıq xətləri sizə uyğun gəlməz.

Yenicag: Qətər sünni ölkələr tərəfindən kənarlaşdırılanda Türkiyə ona sahib çıxdı. Regionda nələr baş verir?

Perinçek: Məsələnin iqtisadi tərəfi də var. Amma məncə burada iqtisadiyyatdan daha çox siyasət vacib rol oynayır. ABŞ bölgədəki ölkələri Rusiya, İran və xüsusilə də, Türkiyəyə qarşı birləşdirməyə çalışır. Türkiyə bölgədə güclü bir ölkədir, güclü ordusu var. ABŞ-a qarşı ən vacib mübarizəni Türkiyə aparır. İran həm meydanda təsirli deyil, həm də ABŞ ilə birbaşa üz-üzə gəlmək ehtimalı yoxdur. Buna görə də ABŞ daha çox Türkiyəni hədəfə alır. ABŞ-ın sünni NATO-su da Türkiyəyə qarşı qruplaşmadır. Türkiyə bunu başa düşdü və orada iştirak etmədi. Demək ki, Tayyip Ərdoğanla düşmənçiliyilə kor-koranə nə təhlil aparmaq mümkün deyil, nə də siyasət yürütmək.

Yenicag: Bunu həmişə qeyd edirsiniz…

Perinçek: Bəli, Türkiyədə Tayyib Ərdoğana qarşı olan kor-koranə düşmənçilik bir daha iflas etdi. Baxın, Pekində Asiya ölkələri toplaşdı, orada Türkiyəni mərkəzdə oturddular. Çinin dövlət başçısı ortada, bir tərəfində Vladimir Putin, digər tərəfində Tayyib Ərdoğan, bir az aralıda isə Qazaxıstan prezidenti Nazarbayev. Türkiyə birdən-birə Asiyanın mərkəzindəki bir mövqeyə yerləşdi. Bu, Atatürkçü inqilabın davamıdır. Biz XIX əsrdən bəri həmişə Qərb imperializmi ilə vuruşuruq, bunun dünyada bərabəri yoxdur. Qərblə döyüşən üç böyük imperatorluğun varisləri Çin, Rusiya və Türkiyədir. Bizim bu gün qərbə qarşı apardığımız müharibə imperializmə qarşı mübarizəmizin davamıdır. Aradabir fasilə oldu, 1945-ci ildən sonra Türkiyə Atlantik sisteminə qoşuldu, bu 2014-cü ilə qədər -70 il davam etdi və bitdi. Türkiyə yenidən Asiyadakı mövqeyini almağa başladı. Biz Atatürkün yolu ilə gedərək, bütün məzlumlar uğrunda vuruşuruq.

Yenicag.az

www.yenicag.az

1017
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv