17 maddəlik sülh müqaviləsinin DETALLARI – Hüquqşünas İZAH ETDİ

media-hightechnic-468x90

“Sülh müqaviləsi ilə Azərbaycan Qafqaza sülh gətirib silahları susdurdu”.

Bu sözləri Yenicag.az-a açıqlamasında hüquqşünas politoloq Xəyal Bəşirov bildirib.

 

O, Vaşinqtonda Azərbaycanla Ermənistan arasında imzalanan sənədlərin hüquqi prosesini detallı şəkildə açıqlayıb.

Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında uzun müddətdir ki, davam etdirilən sülh prosesinin təmin edilməsi istiqamətində ABŞ-nin Vaşinqton şəhərində Ağ Evdə sülh müqaviləsinin mətninin paraflanması prosesi baş verdi:

“Bu sülh istiqamətində çox tarixi bir prosesdir. Sülh istiqamətində növbəti ən uğurlu addımlardan biridir. Bizə artıq bəlli idi ki, bu ilin mart ayında xarici işlər naziri Ceyhun Bayramov mətbuat nümayəndələrinə məlumat vermişdi ki, sülh sazişinin 7 maddəlik mətni artıq razılaşdırılıb. Bu razılaşdırma 5 ilə yaxın bir müddət ərzində davam etdirilməsi bizə bəllidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycan tərəfi bütün səylərini, imkan və resurslarını səfərbər edərək Ermənistanı addım-addım 17 maddəlik mətnlə razılaşdırmasına gətirib çıxardı. Bu prosesin Azərbaycan tərəfindən bu mərhələyə gətirib çıxardığına görə 8 avqust tarixində Vaşinqtonda müzakirə olundu. Düşünürəm ki, paraflanma da bu prosesin məntiqi nəticəsidir”.

X. Bəşirov 17 maddəlik sənədi hüquqi baxımdan müqayisə edərək qeyd edib:

“Sülh sazişinin mətninə siyasi və hüquqi yanaşaq: sülh sazişinin preambula hissəsini diqqətə çatdırım ki, bu sazişin tərəflər arasında imzalanması prosesinin beynəlxalq aləmdə mövcud olan ümumi olaraq hansısa sənədlərə istinad olunma yolu ilə həyata keçirdiyini ortaya qoyur. Burada BMT-nin Nizamnaməsinə və BMT Nizamnaməsi əsasında dövlətlər arasında dostluq və əməkdaşlıq münasibətlərini özündə ehtiva edən 1970-ci il bəyannaməsinə istinad olunur. Daha sonra ATƏT-in 1975-ci ildə qəbul edilmiş Helsinki Yekunu Aktını və daha sonra dəfələrlə Azərbaycanla Ermənistan arasında sərhəd məsələsinin nizamlanmasına istinad olunan 1991-ci il 21 dekabr Almatı bəyannaməsinə istinad olunur. Almatı bəyannaməsi Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyən edilməsi üçün əsas istinad olunan sənəddir. Sovetlər Birliyi süquta uğradıqdan sonra məhz həmin sənədlə post-sovet ölkələri öz aralarındakı sərhədlərin müəyyən edilməsi məsələsini razılaşdırıblar. Təəssüf olsun ki, SSRİ-nin süquta uğraması prosesi ilə paralel olaraq Ermənistan Azərbaycan ərazilərini işğal etdi və proses yarımçıq qaldı”.

Hüquqşünas qeyd edib ki, Vaşinqton görüşündə də işğal zamanı yarımçıq qalmış bəyannaməyə istinad olunub:

“Sülh bəyannaməsinin preambula hissəsində də məhz bu sənədlərə istinad olunması nəzərdə tutulub. Digər 17 maddəlik mətndə ümumilikdə Azərbaycanla Ermənistan arasında sülhün və münasibətlərin qurulmasının təsis edilməsi barədə razılaşma deməkdir. Bu saziş imzalanacağı təqdirdə, Cənubi Qafqazda dayanıqlı, ədalətli və eyni zamanda ümumi sülh prosesini bərqərar edəcək və bununla yanaşı qeyd olunan maddələrdə bir sıra ciddi məqamlara istinad olunur. Burada hüquqi baxımdan ayrı-ayrı müddəalarda iki ölkə arasında sülh sazişinin imzalanmasından sonra münasibətlərin normallaşdırılması, əməkdaşlıq və diplomatik münasibətlərin qurulması məsələsinə də toxunulur ki, bu, iki ölkə arasında heç vaxt mövcud olmayan bir əlaqələr olacaq. Bu əlaqələrin qurulması 1961-ci il diplomatik münasibətlər, eyni zamanda 1963-cü il konsulluq münasibətləri haqqında Vyana Konvensiysına istinad olunur və həmin konvensiyanın müddəalarına uyğun şəkildə Azərbaycanla dünya dövlətləri arasında mövcud olan diplomatik münasibətlər Ermənistana münasibətdə də reallaşacaq”.

Müsahibimiz əlavə edib ki, Azərbaycanla Ermənistan arasında 1969-cu il Müqavilələr Hüququ haqqında sənədə də istinad olunmaqla gələcəkdə münasibətlərin qurulması nəzərdə tutulur:

“Burada bir sıra məqamlara toxunulur – hansı ki, Azərbaycan üçün prinsipial əhəmiyyət kəsb edən məsələlər olub. Bizimlə Ermənistan arasında sərhədboyu ərazilərdə digər dövlətlərin qüvvələrinin yerləşdirilməməsi ilə bağlı tələb mövcuddur. Uzun müddətdir Azərbaycan tərəfinin tələb etdiyi minlərlə itkin düşmüş insanlarımızla bağlı məlumat təqdim edilməsi öhdəliyi onların üzərinə qoyulur. Gələcəkdə qarşılıqlı şəkildə ərazi iddialarından əl çəkilməsi məsələsi də öz əksini tapır. Məlumdur ki, Azərbaycanın Ermənistana qarşı heç vaxt ərazi iddiaları olmayıb, əksinə, Ermənistan həmişə Azərbaycan ərazilərinə göz dikib və bunun qarşısı alınmalıdır”.

O, diqqətə çatdırıb ki, Ermənistan Azərbaycan ərazilərində müxtəlif cinayətlər törədib:

“Hansı ki, o cinayətlərdə Azərbaycan dövlətinə 150 milyard dollar zərər vurulub. Azərbaycan bununla bağlı mərhələli şəkildə prosedurlara başlayıb, amma bu sülh sazişinin imzalanacağı təqdirdə artıq həmin o iddialardan 1 ay ərzində imtina etməklə bağlı addımlar atılması öhdəliyi öz əksini tapıb. Yəni, əgər Ermənistan 1 ay ərzində sülh sazişinin imzalanmasını uzadacaqsa, Azərbaycan bu istiqamətdə atdığı addımların nəticələrini əldə edə bilər. Ermənistan maksimum dərəcədə çalışmalıdır ki, sülh sazişinin imzalanmasına mane olan konstitusiyasına dəyişikliklər etsin və Azərbaycanla qısa müddət ərzində sülhə nail olsun ki, Azərbaycan da həmin iddialarla bağlı hüquqi nəticələrin ortada olmadığı mərhələdə bundan imtina etsin. Bu isə Azərbaycan tərəfindən sülh üçün atılan addımdır. Cənubi Qafqazda sülh olsun, düşmənçilik siyasətinə son qoyulsun, bu günə qədər olan işğalçılıqdan, xaosdan istifadə edən bəzi qüvvələrin qarşısı kəsilsin”.

Hüquqşünas sonda Cənubi Qafqaza məhz Azərbaycan dövlətinin sülhü gətirdiyini qeyd edib:

“Bir məqamı da qeyd edim ki, Azərbaycan onsuzda artıq uzun müddətdir ki, Cənubi Qafqaza de-fakto sülhü gətirib. Biz faktiki olaraq Cənubi Qafqazda silahları susdurmuşuq. Azərbaycanın səyləri, iradəsi nəticəsində bölgədə sülh bərqərar olub. Bunu legitimləşdirmək vacibdir, de-yure də buna hüquqi qüvvə vermək lazımdır. Hüquqi cəhətdən bunu reallaşdırmaq sülh sazişinin imzalanması istiqamətində də çox mühüm addımlar atıldı. Qısa müddətdə Ermənistan üzərinə düşən öhdəlikləri və digər məsələləri aradan qaldırmaqla Azərbaycanla Ermənistan arasında daimi və layiqli sülh imzalanacaq”.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa