Dünyada milyonçuların sayı tarixi maksimuma çatıb
2025-ci ildə qlobal miqyasda milyonçuların sayı və onların məcmu sərvəti tarixi rekordları yeniləyib. Bunun əsas səbəbləri kimi səhm bazarlarının müsbət dinamikası və inflyasiyanın səngiməsi göstərilir.
Yenicag.az xəbər verir ki, bu barədə müvafiq araşdırmaya istinadən BFMTV məlumat yayıb.
Mütəxəssislər yanvar ayında Amerika, Avropa, Asiya və Yaxın Şərqdən olan 6 510 zəngin şəxs arasında sorğu keçiriblər. Məlum olub ki, milyonçuların sayı 7.9% artaraq 25.3 milyon nəfərə çatıb. Onların ümumi kapitalı isə 8.7% çoxalaraq 98.3 trilyon dollar təşkil edib ki, bu da 2018-ci ildən bəri qeydə alınan ən yüksək göstəricidir.
Tədqiqatda vurğulanır ki, əsas yaşayış yeri nəzərə alınmadan bir milyon dollardan çox investisiya aktivinə sahib olan şəxslər zəngin hesab edilirlər. Artımın əsas hərəkətverici qüvvəsinin süni intellekt bumu fonunda fond bazarlarının inkişafı olduğu qeyd edilir. Bununla yanaşı, ekspertlər sərvətin hələ də yüksək dərəcədə cəmləşdiyini bildiriblər: ən zənginlərin 1%-i bütün vəsaitlərin təxminən 35%-nə nəzarət edir./oxu.az/












