17 maddəlik sülh sazişində Azərbaycanın “qırmızı xətlər”i – İrəvanda separatizmin kökünü kəsən amillər HANSILARDIR?
“17 maddəlik sülh sazişində hansı bəndlərin yer alacağı əvvəlcədən təxminən məlum idi. Çünki beş baza prinsipi müəyyən edilmişdi və həmin prinsiplər əsasında müvafiq maddələr formalaşdırılmışdı”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.
Siyasi təhlilçi ötən gün yayımlanan sülh sazişinin 17 maddəlik paraflanmış mətni ilə bağlı fikirlərini bölüşüb.
Onun sözlərinə görə, ilkin mərhələdə 15 maddə üzərində razılıq əldə olunmuş, sonradan isə iki yeni maddə əlavə edilmişdi:
Üçüncü tərəflərin qüvvələrinin sərhədlərdən çıxarılması;
Qarşılıqlı şəkildə beynəlxalq məhkəmələrə olan iddiaların geri götürülməsi.
İndi ümumi sülh sazişinin mətninə baxanda görmək olur ki, bu, indiyə qədər müzakirə edilən, Azərbaycanın mövqeyinə uyğun və gözlənilən bir layihədir. Saziş imzalanma və ratifikasiya mərhələsinə keçib. Mətndə, xüsusilə bir neçə maddə ölkələrin ərazi bütövlüyü və suverenliyinə həsr olunub. Bu, təbiidir, çünki iki ölkə arasında imzalanacaq sülh sazişində əsas mövzulardan biri müharibə zamanı pozulmuş ərazi bütövlüyü məsələsidir”.
Onun sözlərinə görə, bizim üçün əsas məsələlərdən biri üçüncü tərəf qüvvələrinin sərhədlərdən çıxarılması idi:
“Bu, o deməkdir ki, Ermənistan Avropa İttifaqının müşahidə missiyasını da sərhədlərimizdən çıxarmaq öhdəliyini üzərinə götürür. Digər mühüm məsələ isə ölkə daxilində separatizm mövqeyindən çıxış edən qüvvələrin zərərsizləşdirilməsidir. Bu, artıq Ermənistan hakimiyyətinin “Artsax” kimi ideyaları təbliğ edən, özünü “Dağlıq Qarabağ parlamenti” adlandıran və müxtəlif komitələr yaradan qurumları ləğv etməsi deməkdir. Onlara ayrılan binalar geri alınmalı, mətbuat orqanları bağlanmalı, bu mövqedən çıxış edən şəxslərlə bağlı hüquqi tədbirlər görülməlidir”.
“Bundan əlavə, səhv etmirəmsə, sazişin 12-ci maddəsində konkret qeyd olunur ki, sazişin tələbləri və ondan irəli gələn öhdəliklər ölkə daxilində hər hansı digər sənəd və ya qərarla məhdudlaşdırıla bilməz. Yəni uyğunsuzluq yarandıqda Ermənistan Konstitusiyasında dəyişiklik edilməsi tələb olunur. ABŞ, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli bəyannamədə də bu barədə öhdəlik yer alır və Ermənistan buna imza atıb. Bütün bunları nəzərə alanda, sülh sazişi Azərbaycanın gündəliyi əsasında həyata keçirilən prosesin məntiqi nəticəsidir və Ermənistanın bu şərtlərdən geri çəkilmək imkanı yoxdur”, – deyə o, əlavə edib.
Müsahibimiz onu da diqqətə çatdırıb ki, ilk növbədə maddələrin paraflanması ABŞ-nin moderatorluğu və şahidliyi ilə həyata keçirilib:
“Bu gündən sonra geri addım atmaq, faktiki olaraq götürülmüş öhdəlikləri pozmaq deməkdir. Bu öhdəliklər təkcə Azərbaycan qarşısında deyil, həm də ABŞ qarşısında götürülüb. İkincisi, saziş Ermənistanın da maraqlarına uyğundur. Çünki bu, ona normal dövlət kimi fəaliyyət göstərmək, iqtisadi müstəqillik qazanmaq, tranzit imkanlarından istifadə etmək və inkişaf etmək imkanı verir. Bu səbəbdən Ermənistanın bu istiqamətdə geri addım atmaq imkanı yoxdur. Hətta Paşinyan hakimiyyətdən getsə belə, ondan sonra gələn qüvvələrin də razılaşdırılmış məsələləri ləğv etmək imkanı olmayacaq. Çünki bu, beynəlxalq təşkilatların, Avropa İttifaqının və ümumiyyətlə dünya birliyinin alqışladığı və dəstəklədiyi prosesdir”.
“Bundan başqa, vacib maddələrdən biri də ölkə ərazisindəki hər hansı üçüncü dövlətin başqa bir ölkəyə qarşı hücum etməsinin qadağan edilməsidir. Bu, Ermənistan ərazisində yerləşən Rusiya hərbi bazasının Azərbaycana qarşı ehtimal olunan təxribatlarının qarşısını almaq baxımından da mühüm əhəmiyyət daşıyır. Bu maddə, xüsusilə Rusiya ilə münasibətlərin gərgin olduğu hazırkı dövrdə, Azərbaycanın maraqlarına tam cavab verir”, – deyə o, fikirlərini tamamlayıb.
Rafi Müslümov