Oktyabrın 22-də Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən və saat 12:09-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 7 ünvanında partlamamış hərbi sursatın tapılması barədə məlumatlar daxil olub.
ANAMA-dan Yenicag.az-a verilən xəbərə görə, məlumatlara əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin və Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin və Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə xidmətinin əməkdaşları tərəfindən birlikdə ərazidə 175 saylı tam orta məktəbin zirzəmisinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən 352 ədəd müxtəlif növ təlim məqsədli partlamamış hərbi sursat aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Partlamamış hərbi sursatların tapıldığı yerin ətrafında 400 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.