DGK malları gömrükdə qəsdən yubadıb? - Komitənin rüsum oyunu
Azərbaycana idxal olunan bəzi məhsulların gömrük rüsumlarındakı azalma müddəti 2025-ci il dekabrın 31-də başa çatıb.
Yenicag.az AFN.az-a istinadən xəbər verir ki, bu məhsullar arasında inəklər, toyuqlar, toyuq əti, kərə yağı, rekombinə edilmiş yağ, zərdab yağı, təzə və soyudulmuş tomat, xiyar və kornişonlar, üzümün süfrə növləri, alma, armud, bəzi portağal və digər sitrus meyvələrinin şirələri, meyvə və tərəvəz şirələri əsasında içkilər, bəzi energetik içkilər, istehsal məqsədli tütün növləri, emal edilməmiş gönlər, südlü pastalar yer alır.
Həmin məhsullardan biri olan kərə yağının idxalına tətbiq edilən 15 faizlik rüsum 2017-ci ildən Nazirlər Kabinetinin qərarı ilə 5 faizə endirilmişdi. Daha sonra bu güzəştin müddəti üç dəfə uzadılıb. Sonuncu dəfə 2023-cü ilin dekabrında 2 il müddətinə tətbiq olunan güzəşt bu il uzadılmayıb.
Dövlət Gömrük Komitəsi isə kərə yağı idxalının tam rüsuma cəlb olunmasına sentyabr ayından etibarən “hazırlaşmağa” başlayıb. Redaksiyamıza daxil olan məlumatlara görə, xüsusilə Avropa ölkələrindən gətirilən kərə yağları gömrükdə kəskin şəkildə yubadılıb, bəzi hallarda maşınlar həftələrlə saxlanılıb.
Dekabr ayında isə idxal edilən kərə yağının yarıdan az hissəsi rəsmiləşdirilib. Hazırda onlarla maşının gömrük rəsmiləşməsini gözlədiyi bildirilir. Gömrük orqanlarının həmin yükləri 15 faizlik rüsumla rəsmiləşdirmək istədiyi, idxalçıların isə məhsulun güzəşt dövründə gömrük sərhədini keçdiyini əsas gətirərək 5 faizlik rüsumda israr etdikləri qeyd olunur.
Qeyd edək ki, 2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycana 23 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,4 min ton və ya təxminən 13 faiz azdır.
Maliyyə Nazirliyinin məlumatına əsasən, 2025-ci ilin yanvar–noyabr aylarında Dövlət Gömrük Komitəsi uzun illərdən sonra ilk dəfə büdcə ödənişləri planını yerinə yetirə bilməyib. 11 ay üzrə büdcəyə daxilolmalar proqnozdan 3,4 faiz az olmaqla 5 milyard 752,2 milyon manat təşkil edib.
Yağ idxalında yaranmış problemlə bağlı Dövlət Gömrük Komitəsinə ünvanlanan sorğuya cavab olaraq bildirilib ki, gömrükdə gözləyən idxalçılarla bağlı məlumatlar məxfi xarakter daşıdığı üçün açıqlana bilməz. Komitənin mətbuat xidmətindən qeyd olunub ki, konkret fakt təqdim edilərsə, araşdırma aparıla bilər, lakin ümumi məlumatların verilməsi qanunvericiliklə məhdudlaşdırılıb.
Dekabr ayı üzrə ölkəyə gətirilən yağın həcmi ilə bağlı suala da cavab verilməyib. Bildirilib ki, bu istiqamətdə statistik məlumatlar yanvarın 15-dən sonra açıqlanacaq. Komitənin mətbuat xidməti həmçinin dekabrda gömrüyə edilən müraciətlərin yanvarda hansı rüsumlarla dəyərləndiriləcəyi ilə bağlı sualımızı da cavabsız qoydu.












