18 yaşadək voleybolçular arasında Azərbaycan çempionatına yekun vuruldu
On səkkiz yaşadək voleybolçu qız və oğlanların Azərbaycan birinciliyində mükafatçılar məlum olub.
Yenicag.az xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının (AVF) idman zalında qızların və oğlanların yarışında bürünc və qızıl medal uğrunda oyunlar keçirilib.
Qızlar arasında üçüncü yer uğrunda qarşılaşmada “Abşeron“ klubu “Lokomotiv“ komandasını 3:2 hesabı ilə məğlub edib. Oğlanların mübarizəsində isə “Naxçıvan“ klubu “Oğuz RVK“ya 3:1 hesabı ilə qalib gələrək bürünc medal qazanıb.
Qızların finalında “Azərreyl-1” klubu “Şərqi Zəngəzur RVK”nı 3:1, oğlanların finalında isə “Xarıbülbül Şuşa” komandası “Murov Az Terminal” kubunu 3:2 hesabları ilə məğlub edərək çempion olublar.
Final qarşılaşmalarından sonra mükafatlandırma mərasimi başlayıb. Qaliblərə kubok və medallar təqdim olunub. Mükafatları AVF-nin prezidenti Şahin Bağırov, vitse-prezident Bəhruz Quliyev, baş katib Faiq Orucov və AVF-nin İdarə heyətinin üzvü İlqar Nuriyev təqdim ediblər.
Beləliklə, qızların birinciliyinin qalibi olan “Azərreyl-1” klubuna qızıl medal və kubok, “Şərqi Zəngəzur RVK” gümüş, “Abşeron” komandasına isə bürünc medallar təqdim edilib.
Oğlanların yarışının qalibi olan “Xarıbülbül Şuşa”ya qızıl medal və kubok, “Murov Az Terminal” komandasına gümüş, “Naxçıvan” klubuna isə bürünc medallar verilib.