“1828-ci ildən bəri dəfələrlə bölündük” – Əliyevin tarixi xatırlatması rezonans YARATDI
“Azərbaycan Prezidenti “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibədə 8 avqust 2025-ci ildə Vaşinqtonda keçirilmiş üçtərəfli görüşdən sonra yaranan yeni reallıqlarla bağlı ən son qiymətləndirməsini təqdim edib”.
Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Millət vəkili Azərbaycan Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində toxunduğu vacib məqamlara, habelə Rusiya ilə əlaqələrə münasibət bildirib.
Onun sözlərinə görə, dövlət başçısı həmin görüşdə qəbul edilən qərarların icra yolları və metodları barədə danışaraq, onların həyata keçirilməsi mexanizmlərinə diqqət çəkib:
“Bu açıqlamalar geniş auditoriya üçün yeni məlumatlardan ibarət idi və regionun gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən tezislər kimi dəyərləndirildi. Aydın oldu ki, sülh prosesi artıq geri dönüşü olmayan mərhələyə qədəm qoyub. Cənubi Qafqazda sülhün əldə olunmasının qarşısında siyasi maneələr yoxdur. Ermənistan-Azərbaycan münasibətləri kontekstində isə yalnız texniki məsələlərin həlli qalır. Bu, həm siyasi-hüquqi məsələlər, xüsusilə Ermənistan Konstitusiyasının dəyişdirilməsi, həm də fiziki olaraq Zəngəzur dəhlizinin inşası ilə bağlıdır”.
Müsahibimiz əlavə edib ki, Prezident yeni reallığı həm ikitərəfli Ermənistan-Azərbaycan münasibətləri çərçivəsində, həm də regional miqyasda dəyərləndirdi:
“O, Rusiya, İran, Türkiyə də daxil olmaqla, Şimal-Cənub nəqliyyat dəhlizi kontekstində çıxış edərək, Zəngəzur dəhlizinin bu layihənin bir parçasına çevrilməsi perspektivini izah etdi. Prezident vurğuladı ki, İran ərazisində 150 kilometrlik yolun tikintisindənsə, 40 kilometrlik dəhlizin inşası daha perspektivli ideyadır. Bu, uzun müddətdir gündəmdə olan, lakin dəmiryolu əlaqələri kontekstində gerçəkləşdirilməyən kommunikasiyaların reallaşmasına imkan verəcək”.
Onun sözlərinə görə, bu, həm yeni ideya, həm də ən səmərəli kommunikasiya layihəsi ola bilər:
“Zəngəzur dəhlizi həm də Şimal-Cənub dəhlizinə böyük töhfə verəcək. Prezident iqtisadi əməkdaşlıq və inteqrasiyanın vacibliyini önə çəkərək, bunun etibarlı və uzunmüddətli sülhə xidmət edəcəyini bildirdi. 40 kilometrlik dəhlizin inşası Ermənistanı tranzit ölkəyə çevirəcək, onun yükləri Azərbaycan üzərindən müxtəlif istiqamətlərə daşınacaq. Buna görə də dəhlizin tezliklə istifadəyə verilməsi həm daxili, həm də regional müstəvidə mühüm nəticələr doğuracaq”.
Həmsöhbətimiz xatırladıb ki, Azərbaycan Prezidenti müsahibədə maneəsiz keçid məsələsinə də xüsusi diqqət yetirdi:
“O, Zəngəzur dəhlizinin Naxçıvanla Azərbaycan arasında yerləşdirilməsini ölkənin bölünməsi faktı kimi qiymətləndirdi. Dövlət başçısı qeyd etdi ki, Azərbaycan tarixən – 1828-ci ildən başlayaraq dəfələrlə bölünüb, sonuncu dəfə isə 1920-ci ildə. Bu zaman Naxçıvan bizdən fiziki baxımdan qoparılaraq kənarda qalıb. Prezident xatırlatdı ki, bu məsələ həm də Sovet Rusiyasının 11-ci Qızıl Ordusunun Azərbaycanı işğalı ilə bağlıdır və tarixin obyektiv qiymətləndirilməsi baxımından əhəmiyyətlidir”.
H. Babaoğlunun fikrincə, dövlət başçısı vurğulayıb ki, bu gün Zəngəzur dəhlizinin aktuallığı və əhəmiyyəti məhz tarixi reallıqlardan qaynaqlanır:
“Bu, Azərbaycanın haqlı tələbi olaraq həm sərbəst, həm də azad kommunikasiya əlaqələrinin bərpasını nəzərdə tutur. Prezident əlavə etdi ki, Azərbaycan artıq Horadiz-Ağbənd dəmiryolunun inşasını başa çatdırıb və ya başa çatdırmaq üzrədir. Bu yolun uzunluğu Zəngəzur dəhlizindən üç dəfə çox olsa da, onun tikintisinə cəmi bir neçə il sərf olunub. Azərbaycan şirkətləri öz sürətli təcrübələrinə əsaslanaraq, Zəngəzur dəhlizini bir il ərzində inşa edə bilərlər”.
Deputat yekunda söyləyib ki, bu layihə bütün region ölkələrinin maraqlarına xidmət edəcək:
“Şimal-Cənub dəhlizi çərçivəsində Sankt-Peterburqdan başlayaraq Fars körfəzinə və Bəndər-Abbas limanına qədər uzanacaq nəqliyyat xəttindən istifadə mümkün olacaq. Beləliklə, Azərbaycan Prezidentinin “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibə yalnız Cənubi Qafqaz və Yaxın Şərq kontekstində deyil, həm də Rusiya və Türkiyə də daxil olmaqla geniş bir coğrafiyada yeni siyasi gündəmin paradiqmalarını formalaşdıran ideyalarla zəngin oldu. Bu ideyaların reallaşması isə böyük bir regionda sülhün təmin olunmasına daha da yaxınlaşmağa imkan verəcək”.
Rafi Müslümov