Sürücülərin nəzərinə: Yol nişanları ilə bağlı QAYDA DƏYİŞİR
Azərbaycanda avtomobil yollarında tətbiq olunan nişanlarla bağlı yeni qaydalar müəyyənləşir.
Yenicag.az xəbər verir ki, “Yol hərəkəti haqqında” Qanuna məlumatverici-göstərici nişanlarla bağlı mühüm dəyişiklik təklif olunur. Məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunub.
Qeyd edək ki, hazırkı qanunvericiliyə görə, məlumatverici nişanlar düzbucaq formasındadır və sürücülərə yaşayış məntəqələrinin adları, hərəkət rejimi, eləcə də yolun vəziyyəti barədə məlumat ötürür. Hazırda bu nişanlar fon rənglərinə görə təsnif edilir: yaşıl fon avtomagistralları, göy fon isə digər avtomobil yollarını simvolizə edir.
Yeni təklif olunan layihədə isə sistemin tamamilə sadələşdirilməsi nəzərdə tutulur. Belə ki, bundan sonra göy fonun həm avtomagistrallar, həm də bütün digər avtomobil yolları üçün vahid rəng olaraq istifadə edilməsi təklif olunur.












