Müdafiə Nazirliyinin mənimsəməyə görə həbs edilmiş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Yenicag.az Unikal.az-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən iclasda əvvəlki məhkəmə proseslərində dindirilən 2 şahid yenidən ifadə veriblər. Belə ki, hakim Fikrət Əliyev bildirib ki, 5 nəfər şahidin təkrar dindirilməsi barədə qərar qəbul olunub. Həmin şahidlərin məhkəməyə təkrar çağırılmasına səbəb onlar tərəfindən dövlətə dəymiş ziyanı ödəyib-ödəməmələri ilə bağlı məsələnin müəyyən edilməsi olub.
Məlum olub ki, Emin Tofiq oğlu Poladov 2015-2020-ci illərdə Cəmşid Naxçıvanski adına Ali Hərbi Məktəbdə, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində, Baş Klinik Hərbi Hospitalda və son olaraq “N” saylı hərbi-hissədə maliyyə xidmətinin rəisi olub.
Təkrar ifadə verən, hazırda ehtiyatda olan Emin Poladov qeyd edib ki, onun dövlətdən mənimsədiyi məbləğ 2 milyon 621 manatdır. Şahidin sözlərinə görə, o ibtidai istintaq zamanı ziyandan 525 min manatı dövlət büdcəsinə ödəyib.
O da məlum olub ki, Emin Poladov bundan əvvəl məhkəmədə ifadə verən zaman ziyanın ödənilməsi ilə bağlı söz versə də, həmin müddətdən bu yana heç bir ödəniş etməyib. Şahidin diqqətinə çatdırılıb ki, ziyanı ödəməkdən boyun qaçıran şahidlər barəsində istintaq orqanı tərəfindən qətimkan tədbiri seçilir.
Proses iştirakçılarının suallarına cavab verən Emin Poladov deyib ki, yaxın zamanlarda ziyanın ödənilməsi ilə bağlı addımlar atacaq.
Növbəti şahid Elşən Salamov bildirib ki, hazırda “N” saylı hərbi hissədə Maliyyə Xidmətinin bölmə rəisi işləyir. İfadə verərək bildirib ki, istintaq zamanı 261 min manat ödəniş edib, amma ondan sonra ziyanın ödənilməsi üçün heç bir addım atmayıb.
Məhkəmədə məlum olub ki, Elşən Salamov dövlətə 1 milyon 573 manat ziyan vurub.
Hər iki şahidə dövlətə dəymiş ziyanı ödəmələri ilə bağlı məsləhət verilib.
Hakim Fikrət Əliyev deyib ki, prosesdə beş şahiddən ikisi iştrak edib, digər üç şahidin də növbəti iclasda dindirilməsi təmin olunacaq.
Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə deyib ki, onun Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi Namiq Poladovla bağlı növbəti prosesdə geniş vəsatəti olacaq. Belə ki, Namiq Poladov nə ibtidai istintaq dövründə, nə də məhkəmə istintaqı dövründə dindirilməyib. Halbuki bütün şahidlər demək olar ifadələri zamanı onun adını hallandırıblar.
Növbəti məhkəmə prosesi iyun ayının 7-də keçiriləcək.
www.yenicag.az