20 Yanvar şəhidləri Türkiyədə anıldı-Fotolar
Türkiyənin İstanbul şəhərində İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş ”20 Yanvar – Azərbaycanın müstəqilliyinə aparan yol” mövzusunda konfrans keçirilib.
İSTAD-dan Yenicağ-a daxil olan məlumata görə, konfransda Türkiyə ictimaiyyətinin görkəmli nümayəndələri, elm və sənət adamları, qardaş ölkədə yaşayan azərbaycanlılar, diaspor təşkilatlarının rəhbərləri iştirak ediblər. 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra bu faciəsinin dəhşətlərini əks etdirən sənədli film nümayiş etdirilib. Konfransı giriş sözü ilə açan İSTAD-ın sədri Səfər Qaraqoyunlu 20 Yanvar faciəsinin səbəb və nəticələrindən bəhs edib.
Sonra Azərbaycanın İstanbuldakı baş konsulluğunun rəsmisi Kənan Murtuzov, professorlar – İbrahim Öztek, Mustafa Erkal, Adil Allahverdiyev, yazıçı – publisist Kəbutər Haqverdiyeva və başqalarının çıxışları dinlənilib. Çıxışlarda bildirilib ki, keçmiş Sovet imperiyasının sonuncu rəhbərliyi Azərbaycan xalqına açıq düşmənçilik siyasəti yürütməklə təcavüzkar Ermənistanın Azərbaycana qarşı işğalçılıq niyyətlərinin gerçəkləşməsinə şərait yaradıb. Lakin düşmənin azğınlaşması Azərbaycan xalqının mübarizə əzmini daha da mətinləşdirib.
Qara Yanvar hadisələri keçmiş SSRİ-nin süqutunun sürətlənməsinə önəmli təsir göstərib. Mərasimdən sonra iştirakçılar 20 Yanvar faciəsini əks etdirən fotolardan və Dağlıq Qarabağ mövzusuna dair rəsmlərdən ibarət stendlərlə tanış olublar.