“2017-ci ildə dollarla kreditə görə intihar və həbslər artacaq” – Bəd proqnoz

15879485_788739897941185_1554931155_nİlin ilk günlərindən ABŞ dollarının məzənnəsi dünyanın aparıcı valyutaları ilə müqayisədə 2003-cü ildən bəri ən yüksək həddə çatıb. Belə olan halda Azərbaycanda kredit borclarının həcmi durmadan artacaq. Bəs elə isə problemli kreditlərin qaytarılması ilə bağlı vəziyyət necə olacaq?

Məsələ ilə bağlı Yeniçağ.az-a danışan iqtisadçı Samir Əliyev deyir ki, ilk devalvasiyadan sonra dollar kreditləri məsələsi həll olunmalı idi:

“Çünki həmin vaxt bəlli idi ki, manatı saxlamaq olmayacaq və dəyərini itirəcək. Manatın dəyərini itirməsi də kreditlərin ödənilməsində problem yaradacaq. Bu, təkcə vətəndaşlar üçün deyil, həm də banklar üçün problemdir. Ona görə ki, qərar hökumət tərəfindən verilmişdi. Bundan isə hər iki tərəf zərər çəkib: bank və əhali. Düşünürəm ki, problem həllini tapmalı idi. Lakin problem həll edilmədi və nəticəni hər kəs görür. Yəni, intihar hadisələri, məhkəmələr, həbslər və sair. Ona görə də problem həll edilməmiş qalır və getdikcə də vəziyyət çətinləşir.

Devalvasiyadan sonra 13 bank bağlandı və onların bağlanmasının əsas səbəblərindən biri də məhz problemli kreditlər idi. Düşünürəm ki, indiki dövrdə dollar kreditləri manata çevrilməlidir. Samir Əliyev ile ilgili görsel sonucuƏks halda, dolların qiyməti artdıqca kreditlər də bahalaşır. Hazırda bir çox insanlar kredit ödənişi etmir, gözləyir”.

İqtisadçı dollarla olan kreditlərin manata çevrilməli olduğunu və bunun üçün banklara dəstək verilməsini diqqətə çatdırıb. S.Əliyev təklif edib ki, problemli kreditlər üzrə fond yaradılmalıdır: “Mərkəzi Bank bu fond vasitəsilə banklara uzunmüddətli, məsələn, 20-30 ilə 1 faizdən də az olmaqla manat krediti verməlidir. Həmin kreditlər vasitəsilə banklar dollar kreditlərini konvertasiya edə bilərlər. Düzdür, bu variant əhali üçün bir o qədər optimal deyil. Amma istənilən halda problemin dərinləşməsinin qarşısını ala bilər. Ona görə də burada kompensasiya məsələsi də olmalıdır. Yəni, konvertasiya edildikdən sonra kompensasiya verilməlidir. Tutaq ki, 1 dollar 78 qəpik olanda götürülüb, indi rəsmi olaraq 1,77 manatdır. Hesab edirəm ki, banklar 78 qəpiklə götürülən dollar kreditlərini 1,05 məzənnəsi ilə qəbul edə bilər. Yəni, burada zərər 3 yerə – əhali, banklar və dövlət arasında bölünür. Belə ki, 78 qəpiklə olan dollar kreditləri 1,05 məzənnəsi ilə əhalidən götürülür, 1,05-1,30 arası olan hissəni banklar öz üzərinə götürür, 1,30-dan indiki məzənnəyə qədər olan hissə isə dövlət tərəfindən ödənilir. Belə bir sxemi qurmaq olar. Təbii ki, rəqəmlər şərtidir və onu dəyişmək də olar. Amma hər bir halda mahiyyət ondan ibarətdir ki, məsuliyyət hər bir tərəf arasında bölüşdürülməlidir”.

 

BƏXTİYAR
Yeniçağ.az