2022-ci ildə baş verən önəmli hadisələr: Dünya nələr yaşadı? – YADDAŞ

Artıq 2023-cü ilin ilk gününü yaşayırıq. Geridə qoyduğumuz 2022-ci ilin necə keçməsi şəxsi yanaşma ilə müəyyənləşdirildiyi üçün münasibətdə dəyişkənlik ola bilər. Lakin elə hadisələr var ki, onlar bütün dünyaya təsir edib, günlərlə insanlar eyni mövzudan bəhs ediblər.

Yenicag.az 2022-ci ildə yaşanan qlobal xarakterli olayları təqdim edir:

1. Rusiya Ukraynaya hərbi təcavüzü etdi. Moskvanın 2 həftədə bitirməyi planlaşdırdığı “xüsusi əməliyyat” artıq 11 aydır davam edir.

2. “Oskar” mərasimi zamanı yaşanan qalmaqal da gündəmi məşğul etməyi bacardı. Belə ki, mərasimdə aktyor Kris Rok komediya ustası Uill Smitin həyat yoldaşı Cada Pinkett-Smitin saçı ilə bağlı zarafat edib (Cada Pinkett-Smit xəstəliklə əlaqədar saçlarını itirib). Buna reaksiya verən Uill Smit səhnəyə çıxaraq Roku şillələyib.

3. Yaponiyanın sabiq baş naziri Şinzo Abenin sui-qəsd nəticəsində öldürülməsi də 2022-ci ilə damğa vurdu.

4. 2022-ci il Böyük Britaniya Kraliçası İkinci Elizabetin ölümü ilə də xatırlanacaq. Ən uzun taxtda qalmış kraliça ünvanına sahib Elizabet 96 yaşında vəfat etdi.

5. İranda Məhsa Əmininin öldürülməsilə başlayan etiraz aksiyaları da ötən ilin ən çox dünya gündəmini məşğul edən hadisə oldu. Ədalət və azadlıq tələblərinin səsləndirildiyi aksiya davam etməkdədir.

6. “İl ərzində gündəmdən düşməyən şəxs kim oldu?” sualının cavabı, yəqin ki, İlon Maskdır. “Twitter”i satın alan Maskın şirkətlə bağlı atdığı addımlar dünyada böyük əks-səda doğurdu.

7. Türkiyənin yerli avtomobili olan TOGG-un təqdimatı və davamlı istehsalının başlaması da 2022-ci ilin əlamətdar hadisələrindən oldu.

8. Təbii ki, ilin ən son yaşanan hadisəsi Qətərdə keçirilən dünya çempionatında Argentinanın 36 il sonra Dünya Kubokuna sahib olması idi.

Əlbəttə, ölkəmizdə baş verən önəmli hadisələr də oldu. Bu hadisələr daha çox vəzifədən azad edilmə və istefalar ilə bağlıdır:

1. Rövnəq Abdullayev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Prezidenti vəzifəsindən azad edildi.

2. Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti vəzifəsindən istefa verdi.

3. Vasif Talıbov Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri vəzifəsindən istefa verdi.

4. Anar Kərimov mədəniyyət naziri vəzifəsindən azad edildi.

5. Azərbaycanlı ekoaktivistlər Laçın-Xankəndi yolunda aksiyaya başladılar. Bu gün də davam edən aksiya dünya mediasında geniş maraq oyandırdı.

6. Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvanda keçirdiyi əməliyyatlar və Muxtar Respublika üzrə prezidentin xüsusi nümayəndəliyinin yaradılması da ilin son günlərində siyasi hərəkətliliyi artırdı.