2022-ci ildə HƏRBİ AKTİVLİK: Qarabağ ətrafında baş verənlər yeni ilə necə daşınacaq? – Səxavət Məmməd yazır
2022-ci il hərbi yöndən xeyli dərəcədə aktiv oldu.
Müharibədən sonra Azərbaycan ordusu daha çox silahdan istifadə etmədən yüksəklikləri nəzarətinə götürürdü.
2022-ci il mart ayının 24-də Azərbaycan ordusu Fərrux əməliyyatını həyata keçirdi. Əməliyyatdan əvvəl dəfələrlə yazmışdım ki, Fərrux yüksəkliyi erməni tərəfinin nəzarəti altında olduqca Ağdam şəhərində, ətraf kəndlərdə, Kolanlı dərəsində Azərbaycan tərəfinin quruculuq işləri görməsi sual altındadır. Azərbaycan xarici investorları da əraziyə dəvət edirdi, ancaq Fərrux yüksəkliyinə nəzarəti əldə etmədən Ağdama heç kim qara qəpiyini də qoymazdı. Beləcə müharibədən sonra Azərbaycan ordusu ən böyük əməliyyatını keçirdi. Müharibənin birinci fazasında, bəlkə də, ən çox əziyyət çəkilmiş və ən çox şəhid verilmiş dağ cəmi 55 dəqiqəyə Azərbaycan ordusunun nəzarəti altına keçdi. Beləliklə, Ağdam şəhəri, Kolanlı dərəsi ermənilərin gözündən uzaq oldu. Bu əməliyyatdan sonra Rusiya sülhməramlıları Azərbaycan ordusunun bütün hərəkətlərini qarabaqara izləməyə başladı. Nəzarətsiz yüksəkliklərə belə nəzarət etmək üçün edilən hərəkətliliyin qarşısında dərhal ot kimi bitirdilər.
İkinci ciddi əməliyyat isə avqust ayının 3-də baş verdi. Həmin əməliyyat nəticəsində Qırxqız yüksəkliyi, Buzluq dağı və ətrafındakı yüksəkliklər, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər Azərbaycanın nəzarəti altına keçdi.
Sarıbaba yüksəkliyinin əldə edilməsi ilə Azərbaycan ordusu Laçın şəhərinə, ətraf kəndlərə və ən əsası, Xankəndidən gəlib Böyük və Kiçik Qaladərəsinə gedən yolu da, Laçına gələn yolu da, Laçın dəhlizinə çəkilmiş alternativ – Laçın dairəvi yolunun da başlanğıcına nəzarət edə bilir.
Qırxqız yüksəkliyi Qarabağdakı ən vacib yüksəkliklərdən biridir. Azərbaycan ordusu həmin yüksəkliyə nəzarəti ələ keçirməklə Xankəndiyə olan nəzarəti əhəmiyyətli dərəcədə artırmış oldu. Xankəndi onsuz da Şuşadan vizual müşahidə altındadır. Qırxqız yüksəkliyi və ətraf yüksəkliklərin Azərbaycanın nəzarətinə keçməsilə Xankəndi ətrafındakı həlqə bir qədər də daralmış oldu.
Keçirilən bu əməliyyatlar zamanı nə Azərbaycan ordusu itki verdi, nə də sülhməramlılara xətər yetirildi. Ona görə də bu əməliyyatları qüsursuz adlandıra bilərik.
Qarabağ ətrafında keçirilən bu əməliyyatlarla Azərbaycan ordusu mümkün olan bütün yüksəkliklərin hamısına nəzarəti ələ aldı.
Sentyabr ayının 12 və 13-də Ermənistan-Azərbaycan sərhədi boyu keçirilən əməliyyatlar isə həm müsbət, həm də mənfi nəticələrlə yadda qaldı.
Azərbaycan sözügedən əməliyyatla Ermənistan-Azərbaycan sərhədində də mümkün olan bütün yüksəkliklərə nəzarəti ələ almış oldu. Hətta deyərdim ki, bufer zonanı da təmin etdi. Bundan əlavə, dövlət sərhədi üçün demarkasiya prosesini yekunlaşdırmış oldu. Bu, əməliyyatın müsbət tərəfidir.
Ancaq itkilərın sayı gözlənilənin əksinə çox oldu. Şəhid sayının çoxluğu cəmiyyət tərəfindən də mənfi qarşılandı. Bu onu deməyə əsas verir ki, əməliyyatda ciddi qüsurlar olub.
Azərbaycanın 2022-ci ildə Qarabağda və dövlət sərhədində hərbi yolla etməli olduqlarının hamısını həyata keçirdiyini desək, yanılmarıq.
Azərbaycan tərəfi keçirdiyi bu əməliyyatlarla təkcə yüksəklik tutmaq yox, həm də erməni tərəfini sülhə məcbur etmək niyyətində idi. Ancaq erməni tərəfi sərt güc qarşısında əzilsə də, sülhə gəlməkdən, kommunikasiya yollarının açılmasından boyun qaçırdı.
Hazırda Qarabağda vəziyyət gərginliyini qoruyub saxlayır. Azərbaycan yumşaq gücdən istifadə edərək Qarabağı yurisdiksiyası altına almağı hədəfləyir. Şuşa-Xankəndi yolundakı aksiya hər nə qədər ekoloji kimi görünsə də, əslində, bunun arxasındakı əsas səbəb başqadır. Erməni tərəfi də bunu anlayır, ancaq dirəniş görsətməkdə davam edir. Görünən odur ki, proseslər növbəti ilə keçəcək.
2023-cü ildə Azərbaycan tərəfinin əsas hədəflərindən biri Qarabağı yurisdiksiyası altına almaq və erməni silahlılarını ərazidən çıxarmaq olacaq. Hesab edirəm ki, indiki məqamda Azərbaycan tərəfi yumşaq güc tətbiqini davam etdirəcək. Bu, dirənişin müddətindən asılı olacaq.
Erməni tərəfinin, daha dəqiq desək, separatçıların təxribatlara yol vermələri sərt gücü işə salacaq.
Azərbaycan ordusu keçiriləcəyi ehtimal olunan əməliyyatları son dərəcə qüsursuz həyata keçirməyə məcburdur. Azərbaycan tərəfi bu əməliyyatlarda iki məqama diqqət etməli olacaq. Birincisi, sülhməramlılara zərər yetirməməlidir. Çünki bu, Rusiya ilə Azərbaycanı qarşı-qarşıya qoya bilər. İkincisi, mülki ermənilərin öldürülməməsinə çalışmalıdır. Birincidə Azərbaycan Rusiya ilə üz-üzə qalmış olacaqsa, ikincidə qarşıda dünya, beynəlxalq təşkilatlar olacaq. Düzü, hər ikisinin olmasını istəyən qüvvələr var.
2023-cü ilin də gərgin keçəcəyini indidən demək mümkündür. Münaqişənin alovlanma ehtimalı son dərəcə yüksəkdir.