2025-ci ilə qədər bu xəstəlik çox can ALACAQ – ARAŞDIRMA

Dünyada ən çox yayılmış qeyri-infeksion xroniki tənəffüs xəstəliklərindən biri olan astma 2025-ci ildə 400 milyon xəstə sayına çatacaq. Dünyada astmanın orta yayılma nisbətinin 15/100 ətrafında olduğu təxmin edilir.

Yenicag.az astma xəstəliyi ilə bağlı araşdırmanı oxuculara təqdim edir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumatlarından toplanan araşdırmada 2019-cu ildə astma səbəbiylə gündəlik ölüm sayının 1263 olaraq qeyd olunub. Dünyada hazırda təxminən 339 milyon astma xəstəsi olduğu təxmin edilir.

Ölkədən ölkəyə fərqli olsa da, dünyada astmanın orta yayılmasının yüzdə 15 ətrafında olduğu təxmin edilir. Astmadan qaynaqlanan ölümlərin qarşısının alınmasında səhiyyə xidmətləri yüksək səviyyədə səy göstərir. Lakin ölümlərin əksəriyyəti aşağı və orta gəlirli ölkələrdə baş verir. 2025-ci ildə ümumi astma xəstələrinin sayının 400 milyona çatacağı düşünülür.

Bu xəstəliyin əsas simptomları “nəfəs darlığı”, “nəfəs alarkən xırıltı” və “öskürək”dir. Astma ağciyərlərdə kiçik tənəffüs yollarının iltihabı və daralması, öskürək, xırıltı, nəfəs darlığı və döş qəfəsində sıxılma nəticəsində yaranan xroniki ağciyər xəstəliyi kimi tanınır.

Allergik reaksiyalara səbəb ola bilən, tənəffüs yollarını qıcıqlandıran maddələrin və hissəciklərin inhalyasiyası astmanın inkişafında mühüm risk faktorudur.

Astmaya səbəb bir çox faktor olsa da, bunlara qorxu, qəzəb, həyəcan, soyuq hava, toz, tüstü, hava şəraitinin dəyişməsi, ot və ağac tozcuqları, heyvan tükləri, virus infeksiyaları kimi emosional stimullaşdırma daxildir.

Nəsimi Ələsgərli