30,4 ton ərzaq məhv edildi
Bu gün İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə Cəlilabadda keçirilən “Azərbaycanda istehlakçı hüquqları qorunur” mövzusunda konfransda aidiyyəti dövlət qurumlarının, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri və 200-dən çox istehlakçı iştirak edib.
Xidmətin rəis müavini Araz Əliyev istehlakçı hüquqlarının etibarlı təminatının qarşıya qoyulmuş mühüm vəzifələrdən olduğunu və bu istiqamətdə Dövlət Xidməti tərəfindən tədbirlərin davam etdirildiyini diqqətə çatdırıb. Araz Əliyev istehlakçıların hüquqlarının müdafiəsi sahəsində maarifləndirmənin xüsusi rolunu qeyd edib, bu sahədə görülən işlər barədə ətraflı məlumat verib.
Konfransda istehlakçı hüquqları, həmçinin ticarət və xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışılıb.
Tədbirdə “İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr”, “Hər bir istehlakçı öz hüquqlarını bilməlidir”, “Ərzaq malları alarkən nələrə diqqət yetirməli” mövzularında məruzələr dinlənilib.
Diqqətə çatdırılıb ki, ilin əvvəlindən həyata keçirilmiş dövlət nəzarəti tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 30,4 ton müxtəlif növ ərzaq malları satışdan çıxarılaraq məhv edilib.
Sonda tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanılıb.(qafqazinfo.az)