!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

46 illik rejimin çökən sütunları və yaxud Pezeşkian niyə Xameneiyi “hədəf taxtası”ına QOYDU? – Rəfi Müslümov yazır

!Reklam – Yazi

Son günlər İranın siyasi arenasında misli görünməmiş gərginlik yaşanır. Ölkə prezidenti Məsud Pezeşkian 46 illik rejim tarixində ilk dəfə açıq şəkildə İranın ali dini lideri Ayətullah Əli Xameneiyə qarşı çıxaraq, ölkənin xarici siyasət kursu ilə bağlı fundamental fikir ayrılığını dilə gətirib.

Uzun sözün qısası, Pezeşkian çıxışında vurğulayıb ki, o, ABŞ ilə diplomatik dialoqa başlamağın vacibliyinə inanır, lakin ali dini rəhbərlik buna qarşı çıxır və Qərblə istənilən danışıqları qadağan edir. Bu cür açıq bəyanat isə İranın siyasi quruluşunda hakimiyyətin ali məqamları arasında ciddi fikir ayrılığının baş verdiyini göstərir.

Fikrimcə, bu hadisə, xüsusilə İranın vitse-prezidenti, keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərifin istefasından sonra daha da diqqət çəkib. Zərif “X” sosial şəbəkəsində paylaşdığı açıqlamasında istefasının səbəbini özünə və ailəsinə qarşı təzyiqlərlə əlaqələndirib. Hansı ki, o, müasir İran siyasətində islahatçı düşərgənin əsas simalarından biri kimi tanınırdı və bu istefa İran daxilində islahat tərəfdarlarının daha da zəiflədiyini göstərir.

Pezeşkianın siyasi mövqeyinə gəldikdə isə bu, onsuz da zəif idi və o, islahat yönümlü prezident kimi, sərt xətt tərəfdarlarının ciddi təzyiqi ilə daim üzləşirdi. Zərifin istefası ilə də bu mövqenin daha da zəiflədiyi aydın görünür. Prezidentin son bəyanatı isə ölkə daxilindəki güc savaşının açıq müstəviyə keçdiyini göstərir.

Qısa bir xatırlatma edim: İranın ali dini lideri Ayətullah Xamenei son çıxışlarında ABŞ ilə nüvə danışıqlarını İranın milli şərəfinə zidd hesab etdiyini bəyan etmişdi. Pezeşkian isə bunun əksini düşünərək, İsrailin gözlənilən hücumlarını və İran iqtisadiyyatını boğan sanksiyaları önləmək üçün Qərblə diplomatik münasibətlərin vacib olduğunu vurğulayıb. Yəni Tehran administrasiyası hər nə qədər gizlətməyə çalışsa da, İran daxilində güclü fikir ayrılıqları başlayıb. Hətta İbrahim Rəisi dövründə İranda başlayan və qanla yatırılan üsyanlardan sonra hakimiyyət daxilində də Xameneiyə qarşı bəzi dairələrdə münasibətlər birmənalı deyil.

Bundan əlavə, yadınıza salım ki, Pezeşkian prezident seçildikdən sonra, əgər qarşıya qoyduğu məqsədlərə çata bilməsə, istefa verəcəyini açıqlamışdı. Hazırkı siyasi gərginlik və onun açıq şəkildə Xameneiyə qarşı çıxışı isə belə bir istefanın yaxınlaşdığına işarə ola bilər. Ola bilər ki, o, İrana qarşı mümkün hərbi hücumların məsuliyyətini daşımamaq üçün öz istefasını indidən legitimləşdirməyə çalışır. Lakin İranda baş verən bu hadisələr artıq ölkənin daxili siyasi sistemində ciddi dəyişikliklərin anonsu kimi görünür. Pezeşkianın bu gedişi İran siyasətində yeni mərhələnin başlanğıcı, yoxsa onun siyasi karyerasının sonu olacaq – bunu deyə bilmərəm. Lakin mənə elə gəlir ki, siyasi etiket qaydalarını bir o qədər də ciddi saymayan, amma bütün bunlara baxmayaraq, islahatçı qanad tərəfindən sevilən Pezeşkiana bundan sonra hər hansı basqıların olacağı istisna edilmir.

www.yenicag.az

79
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv