5 nəfərin ölümünə səbəb olan ata-oğul barədə qərar verildi

Salyanda 3 il əvvəl törədilən dəhşətli qətllə bağlı saxlanılan ata və oğul barəsində həbs-qətimkan tədbiri seçilib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, Salyan rayon Məhkəməsinin qərarına əsasən, 5 nəfər ailə üzvünü qətlə yetirməkdə təqsirləndirilən 1954-cü il təvəllüdlü Fərhad Məhərrəm oğlu Əliyev və onun oğlu, 1989-cu il təvəllüdlü Fəqan Əliyev barəsində 4 aylıq həbs-qəti imkan tədbiri seçilib.

Qeyd edək ki, dünən Salyanda 3 il əvvəl itkin düşən 1961-ci il təvəllüdlü Əliyeva Mehparə və qızları – 1998-ci il təvəllüdlü Rəqibə, 1987-ci il təvəllüdlü Sevda, 1985-ci il təvəllüdlü İradə, 1991-ci il təvəllüdlü Ümidənin meyiti tapılıb. Onları M. Əliyevanın əri, 1954-cü il təvəllüdlü Fərhad Əliyevin öldürdüyü, yaşadıqları evin həyətində basdırdığı müəyyənləşib. Bu işdə F. Əliyevə onun oğlu, 1989-cu il təvəllüdlü Fəqan Əliyevin kömək etdiyi bildirilir.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumata əsasən, hadisə ilə bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb, prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində M.Əliyevanın əri Fərhad Əliyev və oğlu Fəqan Əliyev şübhəli şəxs qismində tutulub.

COP29