57 dövlət əmlakı özəlləşdiriləcək – VAXT/FOTO

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən innovativ üsullar tətbiq edilməklə keçirilən hərraclar davam etdirilir. Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə keçirilən hərraclarda vətəndaşlar həm onlayn qaydada, həm də hərrac keçirilən məkana gəlməklə iştirak edə bilərlər.

Komitədən Yenicag.az-a verilən məlumata görə, növbəti belə hərrac 17 sentyabr tarixində keçiriləcək. Hərraca ümumilikdə 57 dövlət əmlakı olmaqla 42 kiçik dövlət müəssisəsi və qeyri-yaşayış sahəsi, 15 səhmdar cəmiyyəti çıxarılıb. Hərraca çıxarılan əmlaklara onlayn sifariş vermək üçün qeyd olunan linkə daxil olmağınız kifayətdir:

http://privatization.az/index.php/az/component/content/article?id=6387

Özəlləşdirməyə çıxarılan kiçik dövlət əmlaklarından ümumi faydalı sahəsi ən yüksək olan dövlət əmlakı Şəmkir rayonu, Keçili kəndindəki Şəmkir yun tədarükü məntəqəsidir. Adıçəkilən dövlət müəssisəsinin ümumi faydalı sahəsi 3312 kv.m olmaqla, 62 min kv.m-lik torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılıb. Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən “Lalə” şadlıq evi, “Mərdəkan” restoranı, “4saylı” kafe xidmət sahəsi kimi istifadəyə uyğun olan kiçik dövlət müəssisələridir. Belə ki, bu kiçik dövlət əmlaklarının ümumi faydalı sahəsi 324.8 kv.m ilə 1772.7 kv.m arasındadır.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında nəqliyyat, kəndkimya, inşaat, təmir, istehsal, xidmət və digər sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə “Kürdəmir Aqrotexservis”, “Xəzər Avtonəqliyyat”, “Zaqatala Fındıq”, “Bərdə Kəndkimya” və digər bu kimi dövlət müəssisələri aiddir. Qeyd edilməlidir ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir. Onların özəlləşdirməyə çıxarılan səhm paketləri ümumi səhmlərin 30%-45%-ni təşkil edir.

COP29