“585 adda mal və xidmət səbətinin tərkibi yenilənməlidir” – ŞƏRH

“Sivil ölkələrdə hər il yenilənən minimum istehlak səbətinin tərkibi Azərbaycanda dəyişməz qalıb”.  

Bunu yaşayış minimumda artım edilməsi fonunda istehlak səbətinin tərkibinin də dəyişilməsinin vacib olduğunu bildirən iqtisadçı Qubad İbadoğlu Yenicag.az-a açıqlamasında deyib.

İqtisadçı bildirib ki, istehlak səbətinin tərkibinin dəyişdirilməməsi bir sıra çətinliklərə yol açır:

“Nazirlər Kabineti “Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi haqqında” 2005-ci il 23 iyun tarixli 118 nömrəli qərarına sonuncu dəfə 12 İyun 2014-cü ildə dəyişiklik edib. Yeni səbət 2015-ci ilin 1 yanvarından qüvvədədir. 2015-ci ildə manatın iki dəfə devalvasiya uğraması, 2017 və 2018-ci illərdə inflyasiyanın ikirəqəmli səviyyəyə çatması, son illər ərzində informasiya və kommunikasiya texnologiyalarının, sosial-iqtisadi tərəqqinin inkişafı, eləcə də cari ildəki əməkhaqqı artımları əhalinin istehlakının strukturunda da əhəmiyyətli dəyişikliklərə gətirib çıxarıb. Lakin bütün bunlara baxmayaraq Nazirlər Kabineti 5 ildir ki, minimum istehlak səbətinin tərkibini müəyyələşdirmək üçün normativləri sabit saxlayır. Beləliklə də sivil ölkələrdə hər il yenilənən minimum istehlak səbətinin tərkibi Azərbaycanda dəyişməz qalıb.

Bu, xüsusilə də sosial siyasətin önə çıxdığı hazırkı dövrdə aparılan dəyişikliklərin əsaslandırılmasını çətinləşdirir. Odur ki, Nazirlər Kabinetinə təklif edirəm ki, 2005-ci il 23 iyun tarixli 118 nömrəli qərarına yenidən baxıb, müvafiq dəyişikliklər etsin və növbəti ildən minimum istehlak səbəti təzə normativlər əsasında həm Bakı, həm də regionlar, eləcə də uşaqlar üçün müxtəlif yaş qrupları (0-6, 6-10, 10-15) üzrə ayrılıqda hesablasın.

Eyni zamanda Dövlət Statistika Komitəsinin nəzərinə çatdırıram ki, istehlak qiymətləri indeksinin müəyyənləşdirilməsində istifadə olunan 585 adda mal və xidmət səbətinin tərkibinin də yenilənməsi, əmtəələrin xüsusi çəkilərinin müasirləşməsi və bu məqsədlə ev təsərrüfatları arasında yeni sorğunun keçirilməsinin də zamanı çoxdan çatıb”.

Gülşən Şərif