Putin və Zelenski İSTANBULDA: Türkiyə sülh yoxsa yeni dünya XƏRİTƏSİNİ ÇƏKİR?
“Putinin yaxın gələcəkdə İstanbul və ya Ankaraya səfər edə biləcəyini hesab edirəm. Böyük ehtimalla Türkiyədə yenidən yüksək səviyyəli görüşlər baş tutacaq”.
Bunu Yenicag.az-a açıqlamasında Türkiyəli siyasi şərhçi, jurnalist Hacı Yakışıklı deyib.

O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında Türkmənistanın paytaxtı Aşqabad şəhərində baş tutan görüşünün mümkün nəticələrini şərh edib.
H. Yakışıklı bildirib ki, Putinlə Ərdoğan arasında görüşün baş tutacağı gözləntiləri özünü doğrultdu.
“Ümumiyyətlə, Türkmənistanda keçirilən zirvəyə nəzər saldıqda, tədbirin Türkiyə, Rusiya, Pakistan və Türk Dünyasını bir araya gətirən bir zirvəyə çevrildiyini görürük. Burada əsas müzakirə mövzusu Ukrayna məsələsi idi.
Türkiyə həm Rusiya, həm də Ukrayna ilə müsbət münasibətlər qura bilən nadir ölkələrdən biridir. Üstəlik, hər iki ölkə ilə münasibətləri yaxşı olduğu üçün həm Moskvanın, həm də Kiyevin Türkiyənin vasitəçilik rolunu qəbul etdiyini görürük. Bu məsələ Putinlə görüş zamanı da müzakirə olunub. Əslində, Rusiya–Ukrayna müharibəsində hər iki tərəfin, həm Rusiyanın, həm də Ukraynanın sülhə yaxın olduğunu demək olar.
Ukrayna ərazi itkiləri səbəbindən ciddi çətinliklər yaşayır. Torpaq itirmək, əlbəttə ki, asan deyil. Lakin mövcud mərhələdə müharibədə Rusiyanın bir qədər üstün mövqedə olduğunu görmək mümkündür. NATO ölkələrinin, daha dəqiq desək, Avropa İttifaqı dövlətlərinin Ukraynaya verdiyi dəstəyin müharibənin ilk günlərindəki sürətini itirdiyi də aydın görünür. Bu səbəbdən Ukrayna tədricən geri addımlar atmağa məcbur qalır.
Nəticə etibarilə, ən böyük zərəri Ukrayna xalqı gördü. Ukraynanın qiymətli mədən ehtiyatlarının bir hissəsi artıq Rusiya ordusunun nəzarəti altındadır. Qara dənizə çıxış imkanlarının əksəriyyəti bağlanıb və hazırda ölkə yalnız bir liman vasitəsilə gəmilər göndərə bilir. Bu baxımdan Türkiyə münaqişənin sona çatmasını, hər iki dövlətin barışmasını və xalqların daha çox itki verməməsini istəyir.
Qarşıdakı dövrdə proseslərin necə inkişaf edəcəyini görəcəyik. Lakin Türkiyənin dünyanın diqqət mərkəzində olan Rusiya–Ukrayna müharibəsində oynadığı vasitəçi rolu danılmaz və olduqca əhəmiyyətlidir. Görünən odur ki, qarşıdakı mərhələ artıq sülh danışıqları mərhələsi olacaq. Lakin bu sülhün hansı çərçivədə və hansı sərhədlər daxilində formalaşacağı əsas müzakirə mövzusu olacaq.
Putinin yaxın gələcəkdə İstanbul və ya Ankaraya səfər edə biləcəyini hesab edirəm. Böyük ehtimalla Türkiyədə yenidən yüksək səviyyəli görüşlər baş tutacaq. Əgər sülh əldə olunarsa, Zelenski və Putini İstanbulda və ya Ankarada bir araya gəlmiş şəkildə görmək ehtimalı da kifayət qədər yüksəkdir”, – deyə o bildirib.
Nəsimi Ələsgərli












