6 dəfə həbs olunan məhkum Rüfiz Rüstəmov həyatından danışıb.
Yenicag.az xəbər verir ki, o, ilk dəfə 15 yaşında tutulduğunu deyib:
“2010-cu ildə evlənmişəm. Atam polis işçisi olub, anam da müəllim olub. Masallı rayonunda böyümüşəm. 9-cu sinifə kimi oxumuşam. Tüfeyli həyat yaşayanlara qoşuldum. Valideynlərim rayona aparandan sonra, Bakıya qaçdım. Bunları tapdım. 1-ci dəfə tutulanda 15 yaşım var idi. 2 nəfər evə girmişdi, mən də qapıda durmuşdum. Bizi bir yerdə tutdular. Birinci dəfə əfv olundum. Hakimin katibəsi mənə pul verdi ki, evə get. Mən də getmədim. Yenidən özümə dost tapdım və avaralıq etdim. 37 maşına ziyan vurduq. Qırmızı maşın var idi. Dedik ona da girək. Orda da polis var imiş. Maşına girəndə polis tutdu. Onda 6-7 ay yatdım. Valideynlərim də cəriməni ödədi”.
Məhkum daha sonra növbəti dəfə Bakıya qaçıb, tutulmağından da danışıb:
“Məni apardılar rayona. Amma dayana bilmirdim. Yenə Bakıya qayıtmaq istədim. Məni vağzalda tutub dayımgilə gətirdilər. Bibimi aldadıb pul götürüb Bakıya qaçdım. 6-7 ay yaxşı dövr sürdüm. 2001-ci ildə yenə içəri girdim. 4 il yarım mənə iş verdilər. O vaxt qardaşım əsgərlikdən təzə gəlmişdi. Ondan pul götürüb yenə Bakıya qaçdım. Saxta sənədlə həbs olundum. 2-ci işimdə tutuldum. Maşının içində sahibi məni tutdu. Dedim ki, dayı, rayondan gəlmişəm yağış yağır, səhər gedərəm. O da məni buraxdı. İnsanlıq etdi, amma mən ona qarşı insanlıq etmədim. 1 saatdan sonra o maşından oğurluq etdim. Evdəkilərə söz vermişdim ki, bu iş bitdi. Amma altdan-altdan işimi görürdüm. Evə də girəndə kişi kimi girirdim ki, guya mən qazancdan gəlirəm. 2009-cu ildə buraxıldım, xoşbəxt adam idim ki, 2 il azad yaşadım. Evləndim, uşağım 3 aylıq olanda tutuldum. Artıq narkotikə başlamışdım. Əlimdə tutdular. Dedilər ki, bölmədə çəkərsən. Yenə əfv olundum. 2014-cü ildə 2 kilodan artıq heroinlə yenə tutuldum. Taksiylə gəldim, maşından düşdüm. Mən də heroini verməliydim başqasına. Gözlədim ki, adam gələ. Bir də gördüm ki, yaxınlaşdılar. Dedilər ki, özünü şübhəli aparırsan. Dedim ki, axtardığınız adam mənəm. Birinci dəfə tutulmurdum ki. Məhkəmə mənə 12 il iş verdi. Dedilər son sözün nədir? Dedim ki, heç nə, Allah balanı saxlasın”.
www.yenicag.az