Övladları Bred Pitin soyadından rəsmən imtina edir
Hollivudun ən səs-küylü boşanma davasına imza atan Ancelina Coli (Angelina Jolie) və Bred Pit (Brad Pitt) cəbhəsində sular durulmaq bilmir. Keçmiş cütlüyün övladlarının atalarından uzaqlaşmaq və onunla bağları tamamilə qoparmaq cəhdlərinə yeniləri əlavə olunub.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, qızları Şaylo (Shiloh) və Vivyenin (Vivienne) “Pit” soyadından imtina etməsindən sonra, indi də cütlüyün ən böyük övladları – 21 yaşlı Zahara və 24 yaşlı Meddoks (Maddox) rəsmi olaraq yalnız “Coli” soyadını daşımaq üçün son hüquqi addımı atıblar.
Məlum olub ki, iki qardaş-bacı qanuni prosedura uyğun olaraq qəzetə ad dəyişikliyi barədə rəsmi elan veriblər.
Kaliforniya ştatının qanunlarına görə, adını və ya soyadını dəyişmək istəyən şəxslər məhkəmə tarixindən ən azı dörd həftə əvvəl yerli qəzetlərin birində bu barədə rəsmi elan dərc etdirməlidirlər.
Zahara və Meddoks da bu qaydaya əməl edərək iyun və iyul ayları ərzində “Los Angeles Daily Journal” qəzetində “Pit” soyadından imtina etdiklərini bəyan ediblər. Qəzetdə dərc olunan elanda qeyd olunub:
“İddiaçılar Zahara Marli Coli-Pit və Meddoks Çivan Coli-Pit adlarının rəsmi olaraq müvafiq olaraq Zahara Marli Coli və Meddoks Çivan Coli olaraq dəyişdirilməsi üçün məhkəməyə müraciət ediblər”.
Soyad dəyişikliyi ilə bağlı rəsmi məhkəmə dinləmələrinin tarixləri də artıq dəqiqləşib. Meddoksun məhkəməsi sentyabrın 14-də, Zaharanınkı isə sentyabrın 28-də baş tutacaq.
Xatırladaq ki, 2016-cı ildə şəxsi təyyarədə səyahət zamanı Bred Pitin ailəsinə qarşı fiziki zorakılıq tətbiq etməsi iddiaları ilə başlayan boşanma və himayədarlıq savaşı, aradan keçən 10 ilə yaxın müddətə rəğmən Hollivud tarixinin ən dərin və bitməyən böhranı olaraq qalmaqdadır.
Ayşən













