Marketdən kahı alanlar diqqət! Təhlükəli parazit 3 mindən çox insanı zəhərlədi
ABŞ-da salatların tərkibində aşkarlanan təhlükəli parazit səbəbindən xəstəxanalar dolub-daşır, kütləvi epidemiya sürətlə yayılır.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkədə “siklospora” (cyclospora) parazitinin yol açdığı şiddətli ishal epidemiyası qorxulu həddə çatıb.
Artıq Miçiqan və Ohayo ştatlarında yoluxanların sayı 3 mini ötüb. Səhiyyə rəsmiləri epidemiyanın əsas mənbəyinin hazır paketlənmiş kahı (marul) və salat göyərtiləri ola biləcəyi ehtimalı üzərində dayanırlar.
Miçiqanın baş səhiyyə rəsmisi Dr. Nataşa Baqdasarian bildirib ki, araşdırmalar zamanı xəstələrin ortaq şəkildə istehlak etdiyi ən geniş yayılmış qida məhz kahı olub. ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) məlumatına görə, artıq 31 ştatda analoji yoluxma halları qeydə alınıb.
Mütəxəssislər qeyd edirlər ki, bu parazitin yayılma zəncirini tapmaq adi bakterial infeksiyalardan daha çətindir. Yoluxmuş şəxslərin həftələr öncə nə yedikərini xatırlamaması, parazitin mürəkkəb genetik strukturu və səhiyyə sistemindəki büdcə kəsintiləri mənbəyin dəqiq müəyyən edilməsini çətinləşdirir. Bu səbəbdən hələlik bazardan hər hansı məhsulun geri çağırılması barədə rəsmi qərar verilməyib.
Parazit əsasən çirkli su ilə təmasda olan təzə tərəvəz və meyvələr vasitəsilə bədənə daxil olur. İnsandan insana birbaşa keçmir. Uzun müddət davam edən ishal, şiddətli qarın ağrıları, köp, ürəkbulunma və halsızlıq.
Səhiyyə mütəxəssisləri epidemiya dövründə marketlərdə satılan hazır, doğranmış və paketlənmiş salatlardan uzaq durmağı tövsiyə edirlər. Bunun əvəzinə bütöv kahı alınması, onun xarici yarpaqlarının atılması, daxili yarpaqlarının isə tək-tək ayrılaraq bol su altında çox diqqətlə yuyulması xəbərdarlıq edilir.
Ayşən













