Trampın "İran oyunu": ABŞ lideri seçkilərdə xal qazanmaq üçün nə planlaşdırır?
“Bu gün Hörmüz boğazının bağlı qalması Amerikanın səhvi ucbatından baş verib”
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Azad Məsiyev bildirib.

Politoloq ABŞ və İran arasında səssiz aparılan müharibə haqqında şərh verərək münaqişənin yenidən alovlanmasında Amerikanı və Trampı günahlandırıb:
“Amerika İranla apardığı hərbi əməliyyatların nəticəsi haqqında daxili ictimaiyyətə hesabat verməlidir. Ölkədə Trampın reytinqi sürətlə enməkdədir. Demokratlar fürsətdən istifadə edərək respublikaçılara qarşı kəskin tənqid təbliğatı aparır. Tramp isə çalışır ki, İranla hər hansı bir sənəd imzalayıb xal qazansın. İran da bunu çox gözəl anlayır. İran beynəlxalq hüquq müstəvisində danışıqlar aparılmasında və sənədlərin imzalanmasında maraqlıdır. Baxmayaraq ki, ilkin razılaşmalar vardı, amma razılaşmanın müddəalarını tərəflər icra etmirdi. ABŞ İranda lokal hərbi əməliyyatlara başlayaraq İranı güzəştə getməyə məcbur etmək üçün təzyiq göstərməyə çalışırdı”.
Politoloq hesab edir ki, İsrail bu danışıqları pozmaq üçün maksimum təzyiq göstərməyə çalışır:
“Bu danışıqlardan narazı olan İsrail də var ki, ümumdünya yəhudi lobbisi siyasi hakimiyyətə təsir etmək gücünə malikdir. İsrail də bu danışıqların tərəfdarı deyil, əksinə, hərbi əməliyyatların tərəfdarıdır. Nəticədə dünyada iqtisadi xaos yarandı və Amerikanın tərəfdarlarına da iqtisadi cəhətdən böyük zərbə dəydi. Baxmayaraq ki, NATO-nun son zirvəsində ABŞ öz tərəfdaşlarından dəstək istəyirdi, NATO-nun Avropa dövlətləri bu münaqişədə tərəf olmadılar. Bu səbəbdən Tramp NATO ölkələrinin Amerikanı tək qoyduğunu ifadə etdi. Qaydalar isə deyir ki, NATO dövlətlərinin hər hansı birinə hərbi hücum olarsa, NATO əsasnaməsinin 5-ci maddəsinə görə, digər dövlətlər də həmin ölkəyə hücum edilməsini ittifaqa hücum kimi qiymətləndirməlidirlər. Hazırkı vəziyyət isə başqadır. ABŞ özü İranı işğal etməyə çalışdı. Bu isə NATO-nun nizamnaməsinə ziddir. İran hər hansı NATO üzvünə hücum etmir, işğal siyasəti yürütmür. İran münaqişədə sadəcə özünü müdafiə edir”.
A. Məsiyev qeyd edib ki, Hörmüz boğazı Amerikanın ucbatından hələ də bağlı qalmaqda davam edir:
“Qarşıdan gələn aralıq seçkilərində Tramp İranla saziş imzalayıb bunu qələbə kimi təqdim etməyə çalışacaq. İran isə Trampın tələblərinə riayət etməyərək öz milli maraqlarını qoruyur. İran açıq şəkildə bildirdi ki, əgər ABŞ-dan təhlükə gələrsə, İran da sərt cavab verəcək və Hörmüz boğazı bağlanacaq. Bu gün boğazın bağlı qalması Amerikanın səhvi ucbatından baş verib. Son olaraq onu bildirim ki, ABŞ İrana qarşı lokal əməliyyatlar aparmaqla İranın iradəsini sındırmaq və ona diktə etmək istəyir ki, sənədin icrasını qəbul etdirib daxili auditoriyaya qələbə kimi təqdim etsin. Görünən odur ki, razılaşma olsa belə, ABŞ müxtəlif bəhanələrlə İranda hərbi əməliyyatları davam etdirəcək”.
Nurlan Cəfəri













