60 faizlik artım: Kənd təsərrüfatını nə gözləyir – Bahalaşma, yoxsa qıtlıq?

media-hightechnic-468x90

Azərbaycanda gübrə qiymətlərində kəskin artım müşahidə olunur. Son dövrlərdə bəzi gübrə növlərinin qiyməti 60 faizə qədər yüksəlib ki, bu da xüsusilə əkin mövsümündə fermerlərin xərclərini ciddi şəkildə artırır. Mövcud vəziyyət kənd təsərrüfatı sektorunda məhsuldarlığa və ümumi istehsal həcminə mənfi təsir göstərə bilər.

media-banner_tuq

Mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında iqtisadçı Əkrəm Həsənov bildirib ki, baş verən bahalaşma gözlənilən idi və qlobal iqtisadi proseslərlə birbaşa bağlıdır.

Onun sözlərinə görə, hazırda dünyada bir çox sahələrdə qiymət artımı müşahidə olunur və bu tendensiya gübrə bazarına da təsirsiz ötüşmür:

“60 faiz artıb. Amma prinsipcə gözləniləndir, çünki bu dəqiqə ümumiyyətlə dünyada hər şeyin qiyməti qalxır, o cümlədən də gübrənin. Bizdə kənd təsərrüfatı onsuz da gözlədiyimizdən xeyli zəif inkişaf edir. Təbii ki, bu problem də əlavə bir yük olacaq”.

İqtisadçı qeyd edib ki, gübrə qiymətlərinin artması fermerlərin istehsal xərclərini yüksəldir və bu da son nəticədə bazarda kənd təsərrüfatı məhsullarının bahalaşmasına gətirib çıxarır.

“Fermerlərin bir hissəsi yüksək qiymətlər səbəbindən gübrədən ya daha az istifadə edir, ya da ümumiyyətlə imtina edir ki, bu da məhsuldarlığın aşağı düşməsi ilə nəticələnə bilər”.

Əkrəm Həsənov hesab edir ki, mövcud vəziyyətdən çıxış yolu dövlət dəstəyinin gücləndirilməsindən keçir. Lakin o bildirir ki, hazırda tətbiq olunan subsidiyalar real fermerlərə yetərincə çatmır:

“Əslində dövlətin subsidiyası olmalıdır bu sahəyə. Guya ki, var, amma biz bilirik ki, daha çox məmurların özlərinin kənd təsərrüfatı obyektlərinə yönəlir. Real kəndçilərə bunu verən yoxdur. Buna görə də Azərbaycan özü-özünü kənd təsərrüfatı məhsulları ilə kifayət qədər təmin edə bilmir”.

Ekspertin sözlərinə görə, subsidiya mexanizmlərinin daha şəffaf və əlçatan olması vacibdir. Əks halda, kənd təsərrüfatında inkişaf tempinin zəif qalması davam edəcək.

“Gübrə qiymətlərindəki artımın təsiri yaxın aylarda daha aydın hiss olunacaq. Belə ki, istehsal xərclərinin yüksəlməsi nəticəsində bazarda tərəvəz, taxıl və digər kənd təsərrüfatı məhsullarının qiymətlərində artım qaçılmaz görünür. Bu isə öz növbəsində inflyasiyanın sürətlənməsinə və əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir göstərə bilər”.

Samir Məcid

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05