65 ailə mənzilsiz qalıb
Lənkəran şəhərində qəzalı olması səbəbindən sakinləri köçürülən bina 5 aydır ki, təmir olunmur.
Lənkəran şəhəri Zərifə Əliyeva küçəsi 78/9 ünvanında yaşayan sakinlərin anspress-ə göndərdiyi məktubda yaşayış binasında beton-bərkitmə işlərinin görülməməsində İcra Hakimiyyəti və “Gilan İnşaat” şirkəti ittiham olunur.
Məktubda deyilir: “Biz Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi 78/9 binasının sakinləri bu ilin may ayının 29-da yaşadığımız mənzillərdən binamızın qəzalı durumda olması səbəbindən köçürülmüşük. Lənkəran şəhər İcra Hakimiyyətindən bizə təqdim olunan rəsmi məktubda binada beton-bərkitmə işlərinin görüləcəyi qeyd olunmuşdu.
Artıq 5-ci aydır ki, kirayə mənzillərdə yaşayırıq və yay fəslinə təsadüf edən bu müddətdə binanın təmirini üzərinə götürən “Gilan İnşaat” cəmi 4-5 fəhlə işlətməklə demək olar irəliyə doğru heç bir iş görməmiş, binanın zirzəmisini belə təmir edib başa çatdıra bilməmişdir. Maraqlıdır ki, 65 mənzilli, 6 bloklu binada 4-5 fəhlə nə iş görməli və ya nə iş görə bilərdi? Hazırda Lənkəranda aramsız yağışlar başlayıb və artıq həmin 4-5 fəhləni də tapmaq müşkülə çevrilib. İşlərin bu səviyyəsində yubanmasına görə nə İcra Aparatından, nə də “Gilan İnşaat”da biz sakinlərə hesabat verəcək bir şəxs yoxdur. Guya ay yarım ərzində işlərin yekunlaşacağı barədə qeyri-rəsmi açıqlamalar isə ağ yalandan başqa bir şey deyil. Çünki, bu gedişlə biz illərlə doğma ev eşiyimizdən uzaq düşəcəyik. Üstəlik yaxın günlərdə ölkə prezidentimiz məhz binamızın 80 metr aralığında yerləşən yeni təmirdən çıxan Mədəniyyət Evinin açılışına gələcək. Amma bu belə kimsə də əlavə məsuliyyət doğurmur”.
Sakinlərin sözlərinə görə, İcra hakimiyyətindən hər ailəyə kirayə pulu kimi verilən 150 manata Lənkranda orta şəraitli mənzil belə tapmaq mümkün deyil. Başqa bir tərəfdən isə məktəbli uşaqların dərslərində də problem yaranıb. Doğma ev-eşiklərindən uzaq düşmüş şagirdlər dərsə vaxtında gedə çıxa bilmir.
Ümid edirik ki, Lənkəran Şəhər İcra Hakimiyyəti sakinlərin şikayətini eşidib, qəzalı binada beton-bərkitmə işlərini qısa müddətdə başa çatdıracaq. (avropa.info)