Fermerlərin kredit problemi: "Azərbaycanda bu model yaradılmalıdır" – AÇIQLAMA
Kənd təsərrüfatı sektorunda fermerlərin kredit ala bilməməsi və bankların kənd yerlərindəki daşınmaz əmlakı girov götürməkdən imtina etməsi əsas müzakirə mövzularından biridir.
Yenicag.az-a açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli vurğulayıb ki, regionlarda kreditləşmənin zəifliyi psixoloji və ya sosial səbəblərdən deyil, sırf iqtisadi risklərdən qaynaqlanır.

İqtisadçının sözlərinə görə, bankların kənd yerlərində ehtiyatlı davranmasının əsas səbəbi torpaq və daşınmaz əmlakın likvidliyinin aşağı olmasıdır:
“Düşünmürəm ki, burada mental məsələlər əsas rol oynayır. Əsas səbəb bankların rayon yerlərində torpaq və daşınmaz əmlakın likvidliyinin aşağı olduğunu düşünmələridir. Likvidlik aşağı olduğu üçün həmin əmlakı satmaq uzun zaman alır, bəzən də dəyərindən ucuz satmaq məcburiyyəti yaranır. Ona görə də əsas problem mülkün reallaşdırılmasının çətinliyidir”.
N. Cəfərli vurğulayıb ki, kommersiya bankları yüksək riskli sahələrə investor olmaqda maraqlı deyillər:
“Kənd təsərrüfatı həqiqətən də riskli sahədir. Kommersiya bankları bu sektora riskli kreditlər verməkdənsə, istehlak kreditlərinə üstünlük verirlər. Onlar 6 aylıq, 1 illik qısa müddətli kredit xətləri ilə daha tez və təminatlı pul qazanmağı düşünürlər”.
Ekspert çıxış yolu kimi beynəlxalq təcrübənin tətbiq olunmasını və dövlətin prosesə birbaşa müdaxilə etməsini təklif edib:
“Dünyada ən çox rəğbət görən modellərdən biri dövlətin xüsusi Aqrar Bank vasitəsilə maliyyələşməni təşkil etməsidir. Məsələn, Türkiyədə “Ziraat Bank” var ki, o, birbaşa fermerləri və kəndliləri maliyyələşdirir. Buna bənzər ixtisaslaşmış bir bankın Azərbaycanda da açılması çox yaxşı olardı. Çünki dövlətin iştirakı və zəmanəti olmadan yalnız kommersiya bankları ilə kənd təsərrüfatının kreditləşməsi problemini çözmək mümkün olmayacaq”.
Məsimə Məmmədova













