Respublika Baş Prokurorluğu martın 31-də Lənkəranda yeddi nəfərin ölümünə səbəb olan yol qəzası barədə məlumat yayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Yenicag.az-a daxil olan məlumata görə, martın 31-də saat 17:30 radələrində Cəfərov Natiq Təbəkül oğlu Ələt-Astara-İran sərhədi yolunun Lənkəran rayonu, Gərmətük qəsəbəsi ərazisindən keçən hissəsində idarə etdiyi “Ford Cargo” markalı 99-JF-224 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq, avtomobilini qarşı hərəkət zolağına çıxararaq həmin yolla hərəkətdə olan Aslanlı Faiq Tofiq oğlunun idarə etdiyi “Mitsubishi İO” markalı 42-BS-634 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub. Bundan sonra yolun kənarında hərəkətsiz dayanmış “VAZ-21154” markalı 10-VF-815 dövlət qeydiyyat nişanlı avtomobilə çırpılıb.
Yol nəqliyyat hadisəsi nəticəsində “Mitsubishi İO” markalı avtomobilin sürücüsü Faiq Aslanov və sərnişinləri Gülxanım Aslanova Əliqulu qızı, Aslanov Fikrət Şirəli oğlu, Aslanov Namiq Şirəli oğlu, Aslanova Vəsimə İbrahim qızı, Aslanova Rəziyyə Aslan qızı aldıqları xəsarətlərdən hadisə yerində vəfat edib, avtomobildə olan digər sərnişin azyaşlı Aslanlı Ülvi Faiq oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran mərkəzi rayon xəstəxanasına yerləşdirilmiş və aprelin 2-də orada vəfat edib.
www.yenicag.az