Vaşinqtonun "tükənmə" strategiyası və Tehranın dirənişi – ŞƏRH
“ABŞ quru əməliyyatlarına başlaya bilər, amma bunun üçün Trampın istəyi lazımdır, o isə yoxdur”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Turan Rzayev bildirib.
Politoloq ABŞ və İran arasında quru əməliyyatlarının başlanma ehtimalını dəyərləndirib:
“ABŞ-ın və ümumiyyətlə, Tramp administrasiyasının hazırda həm İrana qarşı endirdiyi zərbələrin, həm quru əməliyyatlarına başlanmasına dair mətbuatda yayılan məlumatların, eyni zamanda sanksiyaların bir məqsədi var: İrana geri addım atdırmaq. Əslində Amerikanın ən başdan İranla müharibə aparmaq istəyi olmayıb. İranın geri addım atmaması vəziyyəti elə həddə çatdırıb ki, Tramp istəsə də artıq müharibəni sonlandıra bilmir. Trampın bu təzyiqləri davam etdirəcəyini düşünürəm. Quru əməliyyatlarına gəldikdə, bunun üçün hazırda çatışmayan bir neçə məqam var:
Birincisi, Konqresin qərarı yoxdur. ABŞ İrana qarşı tam heyətlə mübarizə aparmalıdır ki, hazırkı qarşıdurmalarda ordunun yalnız 1 faizi var. İkincisi, ABŞ indiyə qədər heç bir ölkə ilə təkbətək müharibə aparmayıb. Ona görə də Amerikanın müttəfiqlərinin prosesə qatılması lazımdır. Bu müttəfiqlər ya İraq, Səudiyyə Ərəbistanı, Suriya, Türkiyə kimi regional aktorlar olacaq, ya da proksi qüvvələr prosesə qoşulmalıdır. Amerikanın hazırda əsas proksi qüvvəsi kürdlərdir. Kürdlər İŞİD-lə mübarizədə aktiv iştirak etsələr də, İran məsələsinə çox məsafəli yanaşırlar. Onlar Amerikanın onları aldada biləcəyini düşünüb konkret vəd istəyirlər. Avropalı müttəfiqlər isə hələ ki Trampla eyni düşüncədə deyil”.
Politoloq hesab edir ki, İrana qarşı quru əməliyyatları başlana bilər, amma bunun üçün Trampın istəyi çatışmır:
“Tramp quru əməliyyatlarına başlaya bilərmi? Başlaya bilər. İstəyirmi başlamaq? Yox. Bunun üçün regional müttəfiqlərin prosesi başladıb İranı yorması, daha sonra ABŞ tərəfindən quru əməliyyatlarının başlanması lazımdır. Böyük ehtimalla quru əməliyyatlar başlasa belə, burada ən çox aktiv kürdlər olacaq. Kürdlər müharibəyə qoşulmaq üçün iki məqsədə qulluq edə bilərlər: Suriyada və İranda onlara muxtariyyət verilməsi. Bir az da dərinə gedib müstəqil Kürdüstanı qurmaq da tələb edə bilərlər. Bunлар reallaşarsa, İrana qarşı əməliyyatlar başlayacaq. Bu isə regionda daha ciddi problemlər yarada bilər. Türkiyə bu müstəqil respublikanın varlığını qəbul etməz. Buna görə Amerika ilə münasibətlər də pozula və ya kürdlərlə müharibəyə girilə bilər”.
Nurlan Cəfəri













