7 oktyabr faciəsi yenidən YAŞANA BİLƏR – Fələstin məsələsində SON XƏBƏRDARLIQ
“İsrail-Fələstin qarşıdurması daha böyük zorakılıq olmadan həll edilməlidir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Abutalıb Səmədov bildirib.
Politoloq İsrailin Qəzzanı tam işğal etməyə hazırlaşması və işğal prosesinin planının hazırlanması haqqında verdikləri mesajı şərh edib.
Onun sözlərinə görə, bu gün Fələstin dövlətini 150-yə yaxın BMT üzvü olan dövlət tanıyıb:
“Fransa da bu yaxınlarda belə bir addım atacağını bəyan edib. Beynəlxalq ictimaiyyətin mövqeyi aydındır. Həmin ərazidə Fələstin və İsrail dövlətləri yaradılmalıdır. İsrail mövcuddur, Fələstin dövlətinin isə yaranmasına ciddi şəkildə mane olmağa çalışır. Çox təəssüf ki, burada aparıcı rollardan birini də ABŞ oynayır. Uzun müddətdir BMT Baş Assambleyasının qəbul etdiyi qərar icra olunmur”.
Politoloq qeyd edib ki, Qəzza zolağı məsələsində İsrail daha böyük qüvvə ilə hərəkətə keçsə, qarşıdurma daha da şiddətlənəcək və ən böyük zərər həyatını itirəcək olan dinc insanlara olacaq:
“Belə bir vəziyyətdə İsrail Qəzza zolağını bütünlüklə nəzarətə götürmək istəsə, yenə də məsələ həll edilməyəcək, terrora meyl daha da şiddətlənəcək və dinc insanların ölümü artacaq. Bu heç İsrailin də maraqlarına cavab vermir. Ona görə ki, dövlət vətəndaşlarını sülh şəraitində yaşada bilmirsə, nə qədər ərazini işğal edirsə etsin, heç bir əhəmiyyəti yoxdur. Bu səbəbdən, İsrailin özü də maraqlı olmalıdır ki, BMT Baş Assambleyasının qərarı icra edilsin və elan edilmiş Fələstin dövləti faktiki olaraq təşkil edilsin”.
Fələstin dövlətinin tanınmasının açar rolunu ABŞ-nin oynadığını bildirən A. Səmədov bu prosesdə Vaşiqntonun aktiv iştirakının vacib olduğunu qeyd edib:
“ABŞ-də bu prosesə dəstək verməlidir. Özünün BMT üzvlərinin böyük əksəriyyətindən ayırmamalıdır. Artıq 150-yə yaxın dövlət bu addımı atıb və mən hesab edirəm ki, ABŞ də bu məsələdə öz qəti mövqeyini ortaya qoymalıdır, əks halda, problemi həll etmək mümkün olmayacaq, terror yenə davam edəcək və uzun müddətdir bir-birini qıran İsrail və Fələstin vətəndaşları bundan sonra da bu prosesi davam etdirəcəklər. Nə İsrail rahat yaşamaq imkanı əldə edəcək, eləcə də 7 oktyabr hadisəsi bir daha təkrar olunacaq, nə də Fələstin rahat yaşaya bilməyəcək”.
Sonda politoloq Azərbaycanın Fələstini ilk tanıyan dövlətlərdən biri olduğunu diqqətə çatdırıb:
“Çoxdan elan olunmuş Fələstin dövlətini ilk tanıyanlardan biri Azərbaycan olub. Biz 1992-ci ilin əvvəllərində tanımışıq Fələstin dövlətini. Bu istiqamətdə iş davam etdirilməli, zorakılığa imkan verilməməlidir. Zorakılıq daha böyük zorakılıq doğuracaq”.
Nurlan Cəfəri