ZƏFƏRİN VURĞUSU: "Erməni tankları da, rəhbərləri də Bakıdadır indi "Azərçay" içirlər"

media-hightechnic-468x90

“Erməni tankları da bu gün Bakıdadır, erməni separatçı rejimin rəhbərləri də. Bəlkə bir qədər fərqli şəraitdədirlər, amma “Azərçay”ın dadına baxa bilirlər”.

Bunu Yenicag.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

media-edalet11

Ekspert Prezident İlham Əliyevin vaxtilə Ermənistanın sabiq rəhbərləri Serj Sarkisyan və Robert Koçaryanın “tanklarımız Bakı küçələrində olacaq”, “Bakıda çay içəcəyik” kimi bəyanatlarına tarixi cavab verərək möhtəşəm zəfər qazandığını vurğulayıb.

Ədalət Verdiyev qeyd edib ki, Vətən müharibəsində qazanılan qələbə təkcə Azərbaycanın ərazi bütövlüyünü bərpa etmədi, həm də Cənubi Qafqazın geosiyasi mənzərəsini köklü şəkildə dəyişdirdi:

 “Bu gün artıq Türk dünyasını bir-biri ilə birləşdirəcək Zəngəzur Dəhlizinin açılması istiqamətində fəaliyyətlərimiz davam edir. Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Ümumilikdə, Cənubi Qafqazda bu gün artıq müharibədən deyil, sülhdən, inkişafdan və əməkdaşlıqdan daha çox bəhs olunur. Hazırda Azərbaycan ərazisində bir nəfər belə erməni silahlısı yoxdur. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam şəkildə təmin olunub.”

Hərbi ekspert bildirib ki, bu qələbə Türk dünyasının birliyinə də mühüm töhfə verib:

“Vətən müharibəsində qazanılan qələbə sayəsində Türk dünyası bir-biri ilə daha sıx şəkildə birləşir. Artıq biz yalnız Türkiyə və Azərbaycan münasibətlərindən deyil, ümumilikdə Türk dünyasının birliyindən, Türk Dövlətləri Təşkilatının yaranmasından və inkişafından danışırıq. Yaxın aylarda Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin birgə təlimlərinin Azərbaycanın ərazisində keçirilməsi gözlənilir. Bütün bunlar regionun inkişafına, təhlükəsizliyinə və rifahına yönəlmiş addımlardır.

Azərbaycan təkcə öz dost və tərəfdaşlarına deyil, həm də öz qələbəsi ilə Ermənistana böyük töhfələr verib. Hər il təqribən 350-400 milyon dollar məbləğində vəsait ayıran Ermənistanı bu xərclərdən xilas edib. Təhlükəsizlik üçün təhdid yaradan elementlər Azərbaycan ərazisindən təmizlənib, proseslərin başında duran cinayətkarlar həbs olunub və onların üzərində məhkəmə prosesi davam edir.”

Ekspertin sözlərinə görə, erməni ordusunun çoxsaylı texnikası məhv edilib, bir hissəsi isə qənimət kimi ələ keçirilib:

“Ermənistanın Azərbaycan ərazisində yerləşdirdiyi hərbi texnikanın əksəriyyəti məhv edilib, bir hissəsi isə qənimət kimi ələ keçirilib. Məhv edilən texnikanın bir hissəsi Bakıdakı Qənimətlər Parkında dünya ictimaiyyətinə təqdim olunur.

Bir vaxtlar Bakıda “çay içmək” niyyətində olanlar isə bu gün məhkəmə qarşısında islanmış cücə kimi öz törətdikləri cinayətləri etiraf etməyə belə cəsarət tapmırlar. Azərbaycan dövləti çox humanist dövlətdir. Vaxtilə Bakıya tanklarla gəlmək istəyənləri, yaxud da “Bakıda çay içmək” arzusunda olanları Azərbaycan öz arzularına çatdırıb. Ola bilsin, format onların istədiyi kimi deyil, amma yekun nəticədə istəklərinə çatıblar. Erməni tankları da bu gün Bakıdadır, erməni separatçı rejimin rəhbərləri də. Bəlkə bir qədər fərqli şəraitdədirlər, amma “Azərçay”ın dadına baxa bilirlər,” – deyə o, fikirlərini yekunlaşdırıb.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa