Standart görünüş, yoxsa keyfiyyətli məhsul? – Yerli sortların yerini xarici sortlar niyə tutur?
Azərbaycanda geniş yayılmış yerli meyvə-tərəvəz sortlarının bazarda getdikcə azalması narahatlıq doğuran tendensiyaya çevrilib. Mütəxəssislər bu prosesin həm fermerlərin seçimləri, həm də bazarın dəyişən tələbləri ilə birbaşa bağlı olduğunu bildirirlər.
Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli yerli sortların sıradan çıxmasını bir neçə əsas amillə əlaqələndirib.
Ekspertin sözlərinə görə, fermerlər daha yüksək məhsuldarlıq verən və bazarda sürətlə satılan xarici sortlara üstünlük verməyə başlayıblar:
“Xarici sortlar adətən daha iri ölçülü və vizual olaraq daha cəlbedici olur. Həmçinin, bu məhsulların uzun müddət saxlanılması və daşınmaya davamlılığı ticarət baxımından onları daha sərfəli edir. Digər tərəfdən, yerli sortların toxumlarının qorunması və çoxaldılması istiqamətində sistemli işlərin kifayət qədər aparılmaması da onların tədricən azalmasına yol açıb”.
Akif Nəsirli qeyd edib ki, bazar tələbatı bu prosesdə həlledici rol oynayır. Böyük ticarət şəbəkələri və ixrac bazarları əsasən standart ölçü və görünüşə malik məhsullara üstünlük verdiyi üçün fermerlər də gəlir əldə etmək naminə məhz həmin standartlara cavab verən sortları yetişdirməyə məcbur olurlar. Nəticədə, ənənəvi yerli sortlar tədricən istehsaldan kənarda qalır.
İqtisadçı hesab edir ki, yerli sortların azalması aqrar sektor üçün ciddi risklər yaradır. Onun sözlərinə görə, yerli sortlar ölkəmizin iqlim və torpaq şəraitinə daha yaxşı uyğunlaşır, həmçinin xəstəlik və zərərvericilərə qarşı daha davamlı olur.
“Yerli sortların itirilməsi kənd təsərrüfatında genetik müxtəlifliyin azalmasına səbəb olur. Halbuki iqlim dəyişiklikləri və yeni xəstəliklər fonunda kənd təsərrüfatının davamlılığı üçün genetik müxtəliflik olduqca vacibdir”.
Ekspert əlavə edib ki, qida təhlükəsizliyi baxımından da bu məsələ strateji əhəmiyyət daşıyır. Yerli məhsulların azalması ölkənin toxum və əkin materialı sahəsində xarici mənbələrdən asılılığını artırır:
“Bu isə gələcəkdə idxalda yarana biləcək problemlər və ya qiymət artımları zamanı kənd təsərrüfatı istehsalına mənfi təsir göstərə bilər. Buna görə də yerli sortların qorunması, toxum banklarının yaradılması və fermerlərin bu sortları yetişdirməyə stimullaşdırılması təxirəsalınmaz məsələdir”.
Samir Məcidov













