Səftər Rəhimli: “Bu gün cəmiyyətdə DAK-la bağlı fikir ayrılığı var”
Samir Adıgözəlli: “Bu milli təşkilatlara qarşı pozuculuq fəaliyyətidir”
Bu gün Sabir Rüstəmxanlının rəhbərlik etdiyi Dünya Azərbaycanlıları Konqresinin yaydığı bəyanatda təşkilatdan xaric olunduğu bildirilən Səftər Rəhimli özünün Qurultay tərəfindən Azərbaycan Nümayəndəliyinin rəhbəri təyin olunduğunu bildirib: “DAK-ı hər hansısa bir təşkilatın çərçivəsinə sığdırmaq doğru deyil. Konkret olaraq bu gün cəmiyyətdə DAK-la bağlı fikir ayrılığı var və sadəcə Sabir Rüstəmxanlının rəhbərlik etdiyi təşkilatın olduğunu demək doğru deyil. Biz güney mövzusunda fəaliyyət göstəririk və Güney ən ağrılı məsələmizdir. Sabir bəyin VHP-si, İsmayıl bəyin də Diaspora Mərkəzi var, madam bu yöndə çalışmaq istəyirlər, bu təşkilatlarından istifadə etsinlər. DAK qurultayını keçirib və 19 İdarə Heyəti üzvündən 13-ü orada iştirakı edib. Bu gün DAK adına qarşı tərəfin iddialı olmasının hüquqi əsası yoxdur”.
Təmsil olunduğu təşkilatın həmsədri Mirəşrəf Fətiyevin Sabir Rüstəmxanlının rəhbərlik etdiyi quruma üzv seçilməsinə isə S.Rəhimlinin münasibəti belə oldu: “Mirəşrəf bəyi də, Cavad bəyi də ora başqa tədbir adına dəvət ediblər. Lakin Cavad bəy oynan oyunları görərək, orada iştirak etməyib. Bu adamların əlindən bir iş gəlmir, sadəcə qohum-əqraba, partiya üzvləri ilə DAK-ı əllərində saxlamaq istəyirlər. Elə qurultay olmur”.
***
DAK-ın İcra Aparatının rəhbəri Samir Adıgözəlli isə Səftər Rəhimliyə cavab olaraq bildirib ki, “Tədbir keçirmək üçün öncə təşkilat yaratmalıdırlar. Bu və yadigər aidiyyatı olmayan təşkilatların adından tədbir keçirmək etik olaraq da doğru deyil. Təşkilata aidiyyatı olmayan adamların DAK adına tədbir keçirməsi yolverilməzdir. Keçmişin arxivində qalmış adamları çıxararaq, özünü də nümayəndə elan edərək, çıxış etmək Səftər Rəhimliyə başucalığı gətirmir. DAK özünün qurultayını keçirib və lazımi strukturlarını yaradıb. Adı çəkilən şəxslərin isə DAK-a aidiyyatı yoxdur. Bu milli təşkilatlara qarşı pozuculuq fəaliyyətidir”.
Kamran
www.yenicag.az